İybilmə sehri: itlər xəstəlikləri qoxu ilə necə müəyyən edir

30.12.2021
 BUNU PAYLAŞIN
İybilmə sehri: itlər xəstəlikləri qoxu ilə necə müəyyən edir

İtin burnu inanılmaz qoxu hissinə malikdir. İnsanlarda 5 milyon qoxu reseptoru varsa, itlərdə bu rəqəm 220 milyon göstərir. Dəqiqədə 300 dəfə nəfəs alaraq itin iybilmə hüceyrələri yeni ətir hissəcikləri ilə dolur və itlər onları 10000 dəfə dəqiqliklə seçir. Bu "super qabiliyyət" sayəsində itlər kiçik bir stadionda ətir hiss edə bilir və ya olimpiya hovuzunda yarım çay qaşığı şəkəri belə qoxulayırlar. Belə bir xüsusiyyət tibb sahəsinin alimlərinin diqqətini cəlb etməyə bilməzdi.

İtlər xəstəlikləri təyin edir

Həssas iyləmə qabiliyyəti itlərə insan orqanizmində baş verən ən cüzi dəyişiklikləri, o cümlədən xəstəliyin hüceyrələri tərəfindən yayılan hormonal, zülal və digər uçucu üzvi maddələri tutmağa kömək edir.  

İtlərin iştirakı ilə bir çox elmi sınaqlar keçirilmişdir. Onları hətta tibbi analizlərin aşkar edə bilməyəcəyi xəstəlik markerlərini müəyyən etməyə öyrədirlər. BioScentDX tədqiqat şirkəti məhz itlər vasitəsi ilə xərçəng və digər həyat üçün təhlükəli olan xəstəliklərin diaqnostikası üçün sınaqlar həyata keçirir. Bu araşdırmalardan birinin nəticəsi olaraq itlər 97% dəqiqliklə qan analizlərinin qoxusu ilə xərçəngi müəyyən edə bildilər. "Sage Journals" jurnalında dərc olunan bəzi elmi tədqiqatlarda bu heyvanlar xəstəni nəfəs nümunəsi vasitəsi ilə 88-89% dəqiqliklə ayıra bilmişlər.

Başqa bir araşdırmada isə mikrobioloqlar itlərə malyariyanı aşkar etməyi öyrədib. İtlər malyariya xəstəliyi olan uşaqları bütün gecəni geyindikləri corabların qoxusu ilə müəyyən edə bilib. 70% hallarda heyvanlar düzgün tapıb. 

Dördayaqlı dostlarımız hətta Parkinson kimi bir xəstəliyin qoxusunu da hiss edə bilirlər. Xəstəliyin başlanmasına bir neçə il qalmış insanın qoxusu dəyişir. İtlər bu qoxunu ən erkən mərhələlərdə, xəstəlik hələ ağır formaya keçməmişdən, hiss edə bilirlər. Bu da bu xəstələrin müalicəsi prosesini asanlaşdıra bilər. 

İtin qoxulaması hətta epileptik və narkoleptik tutmaların yaxınlaşmasını belə hiss edə bilər. 2013-cü ildə "Elsevier" elmi jurnalların birində dərc olunan araşdırma göstərdi ki, itlər narkolepsiya xəstəsini onun tər qoxusu ilə tapa bilirlər. Heyvan epileptik tutma başlamazdan əvvəl insan orqanizmində biokimyəvi dəyişiklikləri anlayır və hətta 5 dəqiqə əvvəl bu barədə xəbərdarlıq etməyi bacarır. Bir çox hallarda bu, insanın həyatını xilas edə bilər.

İtin burnunun qəribə qabiliyyəti diabet xəstələrinə də kömək edə bilər. Məlum oldu ki, qanda şəkərin azalması ilə insan nəfəsində izopren kimi maddənin tərkibi kəskin artır. Alimlər hesab edirlər ki, təlim görmüş it hipoqlikemik şok təhlükəsi zamanı öz sahibinin həyatını xilas edə bilər.

Dünya əhalisinin 15% -nə təsir edən miqren də itin burnundan gizlənə bilməz. Pittsburq Universiteti və Health Union LLC tərəfindən aparılan araşdırmaya əsasən, 1027 iştirakçıdan 57%-i miqren hücumunun başlanması zamanı və ya ondan əvvəl ev heyvanlarının davranışlarında baş verən dəyişiklikləri qeyd edib. 60% hallarda, adətən, miqren hücumundan 1-2 saat əvvəl it aktiv şəkildə öz sahibinə diqqət göstərməyə başlayırdı, onu tərk etmək istəmirdi, ona diqqətlə baxırdı və ya həddindən çox yalayırdı. Məlum olub ki, itlər miqren hücumu başlamazdan əvvəl insan orqanizmində artan serotonin qoxusunu əla hiss edir.

İtlər COVID-19-a qarşı

2020-ci ildə Helsinki Universitetinin tədqiqatçıları itlərə sidik analizlərinin qoxusuna görə koronavirus xəstələrini müəyyən etməyi öyrətmək üçün araşdırma aparıblar. Qeyd edək ki, digər tənəffüs yolları xəstəliklərində olduğu kimi koronavirusda da sidik qoxusu dəyişir. Aparılan sınaqlara əsasən, itlər xəstəliyi mövcud olan hər hansı testdən daha yaxşı müəyyən edirdi. Lakin, itləri covid-19-u müəyyən etmək üçün istifadə etməzdən əvvəl təkrar sınanması tələb olunan bir çox məsələ qalır.

Unikal iybilmənin klonlaşdırılması

Yalnız bəzi it cinslərinə məxsus olan xüsusi iybilmə qabiliyyətini qorumaq üçün Seul Milli Universitetinin alimləri onların klonlaşdırılması ilə bağlı tədqiqat keçirib. Nəticədə klonlaşdırılmış itlərin iybilmə həssaslığı 93,3%, donorlarda isə 91% təşkil edib.

 

İt iybilməsinin tədqiq edilməsi və xəstəliklərin diaqnostikasına tətbiq olunması hələ də elmi tədqiqat obyekti olaraq qalır, çünki təcrübəni həyata keçirmək üçün bir çox elmi sübutlar tələb olunur.