Taleyin ixtiyarına buraxılanlar: bala pişiklər niyə ağlayırlar

04.05.2023
 BUNU PAYLAŞIN
Taleyin ixtiyarına buraxılanlar: bala pişiklər niyə ağlayırlar

Canlı oyuncaq və ya bir neçə günlük əyləncə...

Bu gün sosial şəbəkələr it və pişiklərin sahibləndirilməsi elanları ilə doludur. Paytaxtın məhəllələrində cins və cins olmayan bala pişiklər qaynaşırlar. Əlbəttə bunda insan "köməyi" olmamış olmaz. "Daha insaflı" olanlar səhər tezdən heç kəs görmədən pişiklərini tanımadığı insanın qapısına atır, digərləri üçün isə elə zibil yeşiyi də kifayətdir. Bəs necə, əsas odur ki, onun pişiyi "sağlamlığı" üçün doğuş etsin; balalarını isə kim isə bir təhər götürər də. Atılan yüzlərlə bala pişiklərdən yalnız bir neçəsinin bəxti gətirir və onlara yardım əli uzadılır. Bəs digərləri? Küçədəki böyük pişiklər tərəfindən döyülən ac və üşümüş körpələr heç kimin eşitmədiyi imdadı miyoldayaraq sakitcə ölürlər.


Heyvanı qısırlaşdırmaq qeyri-insanidir, amma balalarını küçəyə atmaq yox?

Çox vaxt belə hərəkət edənlər sterilizasiyaya qarşı olanlardır. Nəticədə isə evsiz heyvanların sayı nəzarətsiz şəkildə artır və onlar gözümüzün qabağında məhv olurlar. 

Bir çoxları ev heyvanının cinsi aktivliyini xüsusi preparatlarla tənzimləməyin mümkün olduğunu söyləyəcək, lakin düşünməyəcək ki, bu dərmanlar uzun müddət istifadə edildikdə heyvanda hormonal fonun pozulmasına və bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olurlar. 

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu gün küçə heyvanlarının sayına nəzarət etməyin ən effektiv və mərhəmətli yolu qısırlaşdırma və ya sterilizasiyadır.

Sterilizasiyanın ev heyvanının sağlamlığı üçün böyük faydaları vardır və hər bir peşəkar baytar həkimi bunu təsdiqləyəcəkdir:

  • Ev heyvanının ömrünü uzadır;
  • Psixo-emosional fonu normallaşdırır, aqressivliyi azaldır;
  • Reproduktiv orqanlarda onkoloji və infeksion xəstəliklərinin inkişafı riskini azaldır;
  • Böyrək daşı xəstəliyinin riskini azaldır.

  • Doğum pişiyin sağlamlığını yaxşılaşdırmayacaqdır

    İnsanlar səhvən hesab edirlər ki, hamiləlik və doğuş pişiyin orqanizmini cavanlaşdırır. "Axı bu təbiyətin qanunudur, ona qarşı necə gedə bilərsiniz?" - Təbiətdə ömürləri qısa olduğuna görə pişiklər nəsillərini davam etdirmək üçün instinktiv olaraq çoxalırlar. Evdə yaşayan pişiklərin isə buna heç bir ehtiyacı yoxdur. Nəzarətsiz şəkildə çütləşdirmə heyvanın orqanizmini güclü şəkildə sarsıdır. 


    Qayğıkeş əllər həmişə göründüyü kimi olmur

    İndi çoxları düşünür ki, onların pişiklərinin taleyi fərqli olacaqdır. Pişiyi dünyaya balalar gətirəcək və iki aydan sonra onlara yeni ailə tapacaqlar. Bəxtiniz gətirərsə qarşınıza etibar etdiyiniz tanış insanlar çıxar. Əks halda sosial şəbəkələrdə reklam yerləşdirib bəxtinizə ümid etmək məcburiyyətində qalacaqsınız. Çünki hətta xeyriyyə qruplarında belə ev heyvanlarını daha sonra küçələrə atan vicdansız insanlar vardır. Heyvanı götürəcəklər, oynadacaqlar, sonra isə məsuliyyətin çox olduğunu hiss edib heç bir vicdan əzabı çəkmədən yazıq balanı küçəyə atacaqlar. 

    Küçələrə atılmışların arasında yetkin yaşlı heyvanlar da az deyil. O zavallılar uzun illərdən sonra sahiblərinin onlara qarşı bu cür xəyanətkarcasına davranacaqlarını heç düşünməzdilər. 


    Biz əhilləşdirdiklərimizə görə cavabdehik!

    Bunu təkrarlamaqdan yorulmuruq. Evimizə heyvan götürərək, bir canlının həyatı üçün məsuliyyət daşımağa başlayırıq. Ev heyvanları, körpə uşaqlar kimi, tamamilə bizdən asılıdırlar. Hətta sahibinin xəyanətindən sonra belə yenə də insan yaxşılığına inamı itirmirlər. Gəlin özümüzü onların yerinə qoymağa çalışaq, bəlkə onda küçələrdə atılan heyvanlar qalmaz.