Sahibindən ayrılma qorxusu: itə tək qalmağı necə öyrətməli?

08.02.2024
 BUNU PAYLAŞIN
Sahibindən ayrılma qorxusu: itə tək qalmağı necə öyrətməli?

İt sahiblərinin tez-tez qarşılaşdığı problemlərdən biri də balaca dostunu evdə tək qoya bilməməkdir. Əvvəlcə bu cür bağlılıq bizə xoş gələ bilər, lakin bu, evdə korlanmış əşyalarla qarşılaşana qədərdir. Xeyr, it sizə qəsdən zərər verməyə çalışmır, destruktiv davranış separasiya qorxusu adlandırılan stresin nəticəsidir. 


İtlərdə separasiya qorxusunun əlamətləri

Aşağıdakı əlamətlər, əgər itin bağlandığı insan yanında olmadığı halda özünü göstərərsə, o zaman söhbət separasiya qorxusundan gedə bilər:

  • İcazə olmayan yerdə təbii ehtiyaclarını qarşılaması;

  • Hürmə və ya ulama;

  • Mebellərə ziyan vurma, qapı altını qazma, qapı girişi və ya pəncərə çərçivələrini gəmirmə və s.;

  • Qaçmağa cəhd etmə;

  • Bir yerdə gəzmə;

  • Öz nəcisini yemə (koprofagiya).


İtlərdə separasiya qorxusunun səbəbləri

Çox vaxt ayrılıq qorxusu nə vaxtsa sahibi tərəfindən tərk edilmiş itlərdə baş verir. Digər səbəblərə sevimli ailə üzvünün evdən getməsi, gündəlik cədvəlin dəyişməsi və ya yeni evə köçmə aiddir. 


İtinizin ayrılıq stresi yaşadığını dəqiq anlamaq üçün davranış və sağlamlıq problemlərini istisna edin: səhv tərbiyə, işarələmə, darıxma, müəyyən triggerlərin olması səbəbindən həddindən artıq hürmə, xəstəlik səbəbindən öz-özünə işəmə, qısırlaşdırma sonrası hormonal problemlər, diabet, böyrək xəstəliyi, müəyyən dərman preparatlarının qəbulu. 


Yüngül dərəcəli separasiya qorxusunun müalicəsi

İtlərdə yügün separasiya qorxusu ilə mübarizə aparmağa şərti-reflektor terapiya kömək edəcəkdir. Məqsəd ev heyvanınızda sizin gedişinizlə bağlı müsbət assosiasiya yaratmaqdır. Bu halda it üçün dadlı çərəzlər köməyimizə çatacaqdır. Hər dəfə evdən çıxmazdan əvvəl dördayaqlı dostunuza sevdiyi çərəzi verin. Bu cür kiçik naharı oyuna çevirə bilərsiniz. Bunun üçün çərəzi xüsusi oyuncağa yerləşdirin. Balaca dostunuzun stres keçirməməsi üçün onun vəziyyətinə diqqət yetirmək vacibdir. 


Müalicə uğurlu olarsa, sevimli sahibi tərəfindən tərk edilmə qorxusu heyvanda müsbət emosiyalarla əvəz olunur, bizim halda sevdiyi dadlı çərəz ilə.


Ağır dərəcəli separasiya qorxusunun müalicəsi

Nəzərdən qaçıra bilərsiniz, amma separasiya qorxusunda it sizin geyindiyiniz, çanta və ya açar götürdüyünüz andan belə stres yaşamağa başlayır. Bu halda bizim vəzifəmiz itdə bu hərəkətlərlə assosiasiya olan mənfi emosiyaları silməkdir. Bunun üçün harasa gedəcəyiniz kimi hazırlaşmağa başlayın, lakin sonra evdə oturun. Məsələn, geyinin və ya açarlarlarınızı götürün, sonra isə oturun televizora baxın və ya başqa bir işlə məşğul olun.

 

Hər dəfə harasa getməyə hazırlaşdığınızı görəndə itiniz artıq narahatlıq hissi keçirmirsə, onda tədricən onu sizsiz qalmağa vərdiş etdirməyin vaxtıdır. Bu proseduru hamam otağı, qonaq otağı və ya evdəki digər otaqlarda edin, lakin giriş qapısını sona saxlayın. Əvvəlcə otaqda 1-2 saniyəlik bağlanın, tədricən müddəti bir neçə saniyə artırın. 


İtiniz sizin yoxluğunuza 5-10 saniyə ərzində asanlıqla dözə bilirsə, onu həvəsləndirmək üçün dadlı çərəz ilə mükafatlandırın. Qayıdandan dərhal sonra çıxmayın, bir neçə dəqiqə gözləyin, yoxsa əməyiniz boşa gedəcəkdir. Və ən əsası, geri dönüşünüzü sevincli bir ana çevirməyin, itlə oynamayın. Həmişə ev heyvanınızda stres alamətlərinə (göz bəbəklərinin böyüməsi, əsnəmə, ağızdan su gəlmə, titrəyiş, yerində gəzmə) diqqət edin. 


İtə 40 dəqiqə tək qala bilməyi öyrətmək çox vaxt tələb edəcəkdir, çünki sahibinin olmamasına qarşı reaksiya itlərdə ilk 40 dəqiqə ərzində baş verir. Bu mərhələni keçdikdən sonra vaxtı 5 dəqiqə, sonra isə 15 dəqiqə artırmağa başlaya bilərsiniz. 


90 dəqiqəlik mərhələni keçərək iti 4 saat ərzində tərk edə bilərsiniz və bir neçə həftədən sonra 8 saata keçə bilərsiniz. 


Bu cür təlim həftə sonları və həftə içi iki gün bir neçə seans olmaqla, işə getməzdən əvvəl və axşam saatlarında, həyata keçirilərsə, bir neçə həftə ərzində uğurla tamamlana bilər. 


Əlavə tədbirlər

Gündəlik zehni və fiziki məşqlər itlərdə stresi azaldır. Bundan əlavə, yorğun it çətin ki, evi dağıtmağa maraq göstərsin. 


Ev heyvanınız ilə hər gün gəzin və ən azı 30 dəqiqə oyunlara ayırın. 


İtiniz üçün müxtəlif oyuncaqlar alın və onunla birlikdə oynayın. Collar Puller təlim aləti mükəmməl seçim olacaqdır. 


Sosiallaşma da it üçün çox vacibdir. Əgər it həmcinsləri ilə vaxt keçirməyi sevirsə, onda onu parklarda gəzdirin və digər itlər ilə taniş edin. 


Xülasə

Sahibindən ayrılma qorxusu bütün itlərdə yarana bilər. Düzgün yanaşma ilə separasiya qorxusunu müalicə etmək mümkündür, lakin onu davranış və sağlamlıq problemlərindən ayıra bilmək vacibdir. Bunun üçün peşəkar baytar həkiminə müraciət etməyinizi tövsiyə edirik.