Qeyri-adi sakitlik: bala pişiyin xəstələndiyini necə bilməli

05.10.2023
 BUNU PAYLAŞIN
Qeyri-adi sakitlik: bala pişiyin xəstələndiyini necə bilməli

Cəmi bir neçə saat əvvəl dəcəl bala hər yeri dağıdırdır, indi isə halsız düşübdür. Bəli, xəstəliklər bala pişikləri gözlənmədən tapır. Bəlkə də biz xəbərdarlıq siqnallarını görmürük. Bala pişiyin xəstələndiyini necə bilməli və nə etməli? Bu barədə məqaləmizdə məlumat verməyə çalışacağıq. 


Xəstə bala pişik necə görünür?

Aşağıdakı tez-tez rast gəlinən simptomlar ev heyvanının səhhətində olan problemlərdən xəbər verir: 

  • İştahanın olmaması ilk siqnaldır. Əgər bala pişik az qala bir gündür ki, yeməyinə toxunmursa, dərhal baytar həkiminə müraciət edin; 

  • Susuzlaşma;

  • Bədən çəkisinin itkisi;

  • Zəiflik;

  • Bədən temperaturunun artması və ya azalması – orta hesabla, yeni doğulmuş pişik üçün normal bədən temperaturu 35°C-36°C, həyatının ikinci həftəsindən etibarən körpələr üçün isə 36°C-37,5°C dərəcə təşkil edir. 

  • Uzun müddət davam edən qusma;

  • Uzun müddət davam edən ishal;

  • Qəbizlik – adətən susuzlaşma nəticəsində baş verir. Bu halda bala pişiyin yeminə və ya süd qarışığına daha çox su əlavə edin. Əgər ev heyvanı 48 saat ərzində tualetə gedə bilməyibsə və qusmağa başlayıbsa, dərhal baytarlıq klinikasına müraciət edin; 

  • Solğun diş əti;

  • Asqırma və öskürmə;

  • Daim ağlama;

  • Yerişin pozulması;

  • Qarın köpməsi. 


Bala pişiklərdə ən çox rast gəlinən 5 xəstəlik

  1. Yuxarı tənəffüs yollarının infeksiyaları. Simptomlar: asqırma, gözlərdən və burundan axma, iştahanın azalması, zəiflik, yüksək qızdırma, ağız xoraları. Bu halda baytar həkiminə müraciət edin. Adətən, düzgün müalicə və qulluq ilə bala pişiklər 1-2 həftə ərzində sağalırlar. Sağaldıqdan sonra pişik hələ bir neçə həftə ərzində yoluxucu ola bilər, buna görə onu evdəki digər heyvanlardan uzaq tutun. 

  2. Qulaq gənələri. Qulaqlardan qəhvə zəmisini xatırladan qara-qəhvəyi rəngli ifrazatın gəlməsi aydın bir əlamətdir. Bala pişiyin qulaqları qıcışır və bərk qaşıdığına görə baş və boyun ətrafında şişkinlik və iltihab yaranır. Qulaq gənələrərinin olduğunu təsdiq etmək üçün baytar həkimi müvafiq analiz götürür və müalicə təyin edir. Bu adətən ilk tətbiqdən gənələri məhv edən xüsusi bir damcıdır.

  3. Bağırsaq parazitləri. Bala pişik qurdlara dərhal doğulan kimi ana südündən və ya ətraf mühitdən yoluxa bilər. Erkən mərhələdə xəstəlik özünü göstərməyə bilər, lakin daha sonra aşağıdakı simptomlar üzə çıxır: tük tökülməsi, qusma, öskürək, anus ətrafında qaşınma və səpki, anemiya, qarın pozulması, göz ağının saralması. Müvafiq analizlərdən sonra və diaqnozu təsdiqlədikdən sonra həkim bala pişiyə parazitin növündən asılı olaraq helmintlərə qarşı preparat təyin edir. 

  4. Birələr. Bala pişiklər arasında yayılmış bir problemdir. İlk baxışda zərərsiz görünən birələr tez-tez qanazlığına səbəb olur və bartonelloz və mikoplazmoz xəstəliklərinin törədicisi ola bilər. Müalicə olaraq baytar həkim xüsusi olaraq bala pişiklər üçün nəzərdə tutulmuş birəyə qarşı dərman təyin edir. Həmçinin risk qrupunda olan digər ev heyvanlarını da dərmanlamaq, habelə evi dezinfeksiya etmək lazım olacaqdır. 

  5. İshal. Bala pişikdə, məsələn, anadan ayrılma, yeni evə köçmə, yeni insanlar, yemin dəyişilməsi kimi stres nəticəsində yaranan normal reaksiya hesab olunur. Bu halda ishal qısamüddətlidir və bir qayda olaraq, narahatlıq mənbəyi aradan qaldırıldıqda pişiyin nəcisi normal vəziyyətə qayıdır. 

Lakin ishal bakterial və ya virus infeksiyası, immunitetin pozulması və s. kimi daha ciddi problemlər səbəbindən yarana bilər. Əgər nəcis pozulması uzun müddət baş verərsə, dərhal ev heyvanını baytar həkiminə göstərin.


Yeni doğulmuş pişiklərin sönməsi sindromu

Bala pişiklər arasında erkən ölüm doğuşdan süddən kəsilənə qədər baş verir. Bu dövrdə körpənin immuniteti zəif olur ki, bu da onu müxtəlif xəstəliklərə qarşı həssas edir. Yeni doğulmuş pişiklərin sönməsi sindromunun bir çox səbəbi var. Bunlar ağır doğuş, ana və balanın qan qrupunun uyğunsuzluğu, bakterial və ya virus xəstəlikləri, parazitlər, aşağı bədən çəkisi, travma, az qidalanma ola bilər. 

Sönmə sindromu olan pişiklər adətən halsız olur, tez-tez qusur, iştahasız olur və bunlar adətən gözlənilmədən baş verir. Təəssüf ki, əksər hallarda bu hadisənin qarşısında biz gücsüz oluruq. 


Xülasə

Bala ev heyvanını müşahidə etmək və səhhətində olan pozulmaları vaxtında aşkar etmək uğurlu müalicə üçün çox vacibdir. Lakin bəzən olur ki, sevgi və qayğımız ev heyvanımızın həyatını xilas edə bilmir. Bədbəxt hadisə ilə üzləşməli oldunuzsa, unutmayın ki, siz bacardığınız qədərini etmisiniz, sadəcə, bəzi şeylər öz əlimizdə deyil.