Pişiklərin bədən dili: ev heyvanımızı anlamağı öyrənək

07.03.2024
 BUNU PAYLAŞIN
Pişiklərin bədən dili: ev heyvanımızı anlamağı öyrənək

Ev heyvanımızın bədən dilini oxuya bilməklə onun ehtiyac və istəklərini daha yaxşı anlaya bilərik. Pişiyin hansı əhval-ruhiyyədə olmasından bizə onun gözləri, qulaqları, bədəni və quyruğu bildirir. Ev heyvanının bədən dilinin göstəricilərinə diqqət yetirərək ətraf mühiti də nəzərə alın. Məsələn, pişik həm xoşbəxt olduqda, həm də hücum etmək istədikdə quyruğunu dik qaldıra bilər. Buna görə də ev heyvanınızın müəyyən anda özünü necə hiss etdiyini anlamaq üçün özünüzü onun yerinə qoymaq və ətrafınızdakı qıcıqlandırıcı amillərə baxmağınızı məsləhət görürük. 


Xoşbəxt və razı pişik

Xoşbəxt pişik rahat bədən duruşuna malikdir. Ev heyvanı uzandığı halda ayaqları və quyruğunu gənəldir. Pişik qarnını nümayiş edə bilər, lakin bu o demək deyil ki, o sizdən sığal gözləyir. Bəzən ev heyvanına sadəcə sahibinin yanında qıvrılıb oturmaq və ya onu pəncələri ilə ovuşdurmaq kifayətdir. 


Razı pişiyin gözləri qismən açılır, bəbəkləri daralır. Ev heyvanı yavaş-yavaş gözlərini açıb-bağlayar və bununla sizə sevgisini ifadə edər. 


Xoşbəxt pişiyin qulaqları düzdür və ön tərəfə baxırlar. Quyruğunu dik tutur, ucu isə yuvarlaqdır. Xoşbəxt mırıltı eşidə bilərsiniz. 


Oynaq pişik

Təbiəti yırtıcı olan pişik ovçuluq etməlidir. Oynaq pişik evdə əşyaları ovlayar, qaçar, quyruğunu yelləyər, qəfildən sizin üstünüzə və ya mebellərə atılar.

 

Həmin an pişiyin gözləri geniş açılır, bəbəkləri genişlənir. Qulaqları düzdür və ön tərəfə baxırlar. 


Ev heyvanının ovçu instinktlərini inkişaf etdirmək vacibdir. Bunun üçün pişiklər üçün tilov, top, siçan və oyun tuneli kimi müxtəlif oyuncaqlar alın.


Həyəcanlı pişik

Pişik stres yaşadığı anda bədənini yerə sıxır. Heyvan tükünü yalaya, əşyaları cıza və ya əsnəyə bilər. Stres yaşayan pişik adətən təbii ehtiyaclarını tualetdən kənar edir. 


Heyvanın gözləri geniş açılır və ya əksinə daralır. Qulaqları yan tərəflərə və ya arxaya çevrilir. 


Pişiyinizdə yuxarıdakı əlamətləri müşahidə etsəniz onun ətrafındakı mühitə də diqqət yetirin, çünki onun hərəkət azadlığını məhdudlaşdırmış ola bilərsiniz. Qaranlıq qapalı məkan pişikdə stresə səbəb ola bilər. Pişiklər ətrafda baş verənləri yuxarıdan izləyə biləcəkləri sərbəst açıq mühitdə özlərini rahat hiss edirlər. Buna görə də onlar oyun komplekslərini çox sevirlər. Səyahət üçün isə görünməni məhdudlaşdıracaq, eyni zamanda içəridə yaxşı ventilyasiya təmin edəcək düzgün daşıma qəfəsini pişiyin ölçüsünə görə seçmək vacibdir.


Qorxmuş pişik

Qorxduğu an pişik bədənini bükərək kiçik görsənməyə çalışır.

Qorxunun gözləri böyükdür, qorxmuş pişiyin göz bəbəkləri hətta genişlənir. 

Təhlükə zamanı pişiyin qulaqları irəli və ya yan tərəflərə əyilir. Qulaqları nə qədər uzaq əyilibsə, deməli pişik bir o qədər qorxubdur. 


Bığları geri çəkilir və üzünə yapışır. Qıcıqlandırıcı amilə reaksiya verərəkən pişik fışıldayır. Qorxmuş pişik çox vaxt quyruğunu altında gizlədir.


Pişiyiniz özünü bu cür aparırsa, məsələn, evə qonaqlar gələndə, ona daha çox şəxsi məkan verin.


Aqressiv pişik

Özünü təhlükədə hiss edən pişik düşmənə hücum etməyə hazırlaşır. Bunun üçün ev heyvanı kürəyini və tükünü qaldıraraq daha böyük görünməyə çalışır. Pişik gözlərini geniş açır, göz bəbəkləri isə genişlənir və ya əksinə daralır. Həmin an heyvan düşməninə diqqətlə baxır. 


Aqressiv pişiyin qulaqları geriyə yönəlir. Bığları isə üzünə yapışır. Aqressiv vəziyyətdə pişik fışıldaya və ya qəfildən fınxıra bilər. 


Ev heyvanınızda bu cür fiziki təzahürləri müşahidə edirsinizsə, onda təşviş mənbəyini aradan qaldırmalı və pişiyə daha çox şəxsi məkan verməlisiniz. 


Pişik ağrıdan əziyyət çəkir

Biz dəfələrlə demişik ki, pişiklər xəstəliklərini peşəkarcasına gizlətməyi bacarırlar. Buna görə də, bədən dilindəki dəyişiklik pişiyin özünü yaxşı hiss etmədiyindən xəbər edən ilk siqnaldır.


Xəstə pişik qatlanır və pəncələrini altında gizlədir. Bu zaman bədəni gərgin olur. 


Səhhətin pis olması səbəbindən pişik gözlərini qıyır və gözünün içi şüşə kimi parıldayır. Üçüncü göz qapağını görə bilərsiniz.


Pişik xəstə olduqda qulaqlarını aşağı və ya yan tərəflərə sallayır. Bu vəziyyətdə mırıldaması ağrı çəkdiyinindən xəbər verir.




Bir şeyin bizə sirli görünməsinin səbəbi onun haqqında kifayət qədər məlumatımızın olmamasıdır. Eyni sözləri sevimli pişiklərimiz haqqında da demək olar. Əsrarəngiz pişik vərdişləri əslində bir imdad işarəsi və ya hücum haqqında xəbərdar edən bir siqnal ola bilər. Ev heyvanımızı diqqətlə müşahidə etsək, onun istək və ehtiyaclarını anlamağı tez bir zamanda öyrənəcəyik.