Pişiklər və itlər üçün çiy bəsləmə: nələri bilməli

03.08.2023
 BUNU PAYLAŞIN
Pişiklər və itlər üçün çiy bəsləmə: nələri bilməli

Ev heyvanlarının çiy bəslənməsi gündən-günə populyarlaşır. İtlər və pişiklər üçün "çiy bəsləmə" adlandırılan trendin tərəfdarları bunu ev heyvanının həzminə və görünüşünə müsbət təsiri ilə əsaslandırırlar. Bu, həqiqətən belədirmi? Heyvan mənşəli çiy zülal əsasında hazırlanmış rasion tam balanslaşdırılmış yemləri əvəz edə bilərmi? Gəlin bunu araşdıraq.

Çiy pəhriz nədir?

Pişik və itlərin çiy qidalarla bəslənməsinin sinonimi əvvəlcə Bones and Raw Food (sümüklər və çiy qida) mənası verən, daha sonra isə Biologically Appropriate Raw Food (bioloji uyğun çiy qida) adlandırılan BARF pəhrizidir. Belə bir pəhrizin əsas komponentlərini ət, emal məhsulları və sümüklər təşkil edir. Bu qida sistemi özünü canavar və vəhşi pişiklərin təbii qida davranışları əsasında qurulduğunu bildirir. Başqa sözlə, əhliləşdirilmiş pişik və itlərin vəhşi əcdadlarının yüz illər əvvəl qidalandıqları kimi.

Lakin unutmayın ki, ev pişikləri və itləri insanlar tərəfindən genetik dəyişikliklərə məruz qalıblar və bu da onların qida ehtiyaclarına təsir göstəribdir. Bundan əlavə, "vəhşi pəhriz"in evdə yaşayan heyvanlar üçün uyğun olması çox şübhəlidir. Hətta zooparklarda saxlanılan canavarların yemləməsinin müasir təcrübəsi də itlər üçün yüksək keyfiyyətli sənaye yemlərin üstünlüklərini vurğulayır[1].

Müsbət rəy necə formalaşır

Ev heyvanımız üçün inqrediyentləri sərbəst seçərək və qida hazırlanmasına nəzarət edərək psixoloji olaraq ona bir ailə üzvü kimi qayğı göstərdiyimizi düşünürük. Lakin bəzi sahiblər tərəfindən qeyd edilən çiy bəsləmənin üstünlükləri (təmiz dişlər, parlaq tük, allergiyanın aradan qaldırılması, nəcis qoxusunun azalması, enerjinin artması və s.) elmi sübutlara malik deyil[2].

PeerJ[3] elmi jurnalında dərc olunmuş sorğuya əsasən, ev heyvanlarını çiy ət və sümüklərdən ibarət pəhriz ilə bəsləyən insanlar daha az baytar həkiminə müraciət edir və daha çox internet mənbələrinə inanırlar.

Çiy bəsləmənin riskləri

Baytar həkimləri və elmi tədqiqatçılar aşağıdakı risklər barədə xəbərdarlıq edərək ev heyvanlarını təbii çiy qida ilə yemləməyə qarşı çağırırlar:

       Qida maddələrinin çatışmazlığı. Evdə hazırlanan pəhrizlər və ya alınmış çiy məhsullar it və pişiklərin nutrisiologiyası, qida və bəslənməsi qaydalarına əsaslanmır. Bu cür pəhrizlərdə vitamin və qida maddələrinin balansı pozulur. Hətta reseptə uyğun getsək belə, tələb olunan keyfiyyətdə orijinal inqrediyentləri hər zaman tapmaq mümkün olmadıqda hər şeyi asanlaşdırmağa meylliyik.
Yuxarıda qeyd olunanları 2002-ci ildə aparılmış tədqiqat bir daha təsdiqləyir[4]. Pişikləri nəcis keyfiyyəti və görünüşə müsbət təsir edən çiy dovşan əti ilə bəsləyirdirlər. Buna baxmayaraq, bir neçə aydan sonra gənc pişiklərdə taurin çatışmazlığı səbəbindən kardiomiopatiya yaranmışdır.

       Yoluxucu xəstəliklər. Amerika Baytarlıq Tibbi Assosiasiyası (AVMA) ev heyvanlarının çiy ətlə qidalanmasının əleyhinədir. Termik işlənməmiş heyvan zülalı patogen bakteriyalar mənbəyidir[5]. İşlənməmiş məhsulların tərkibində salmonella, stafilokok və bağırsaq çöpləri vardır. Onlar heyvanın nəcisi ilə evdə yaşayan insanlara da yoluxa bilər. Risk qrupunda uşaqlar, hamilə qadınlar, yaşlılar və immuniteti zəif insanlar vardır.
 

       Antibiotikə qarşı müqavimət. Kənd təsərrüfatı heyvanlarının ətində olan patogen və şərti-patogen orqanizmlər antibiotiklərə davamlı yoluxucu genlərin daşıyıcıları ola bilər[6]

       Yaralanma təhlükəsi. Çiy və hətta qaynadılmış sümüklər ev heyvanının sağlamlığına zərərlidir. Gəmirərək sümük parçası heyvanın boğazında qala, dişlərini qıra və hətta daxili travma yarada bilər. Bağırsaqda yığılaraq sümük fraqmentləri qəbizliyə və bağırsaq tıxanmasına səbəb olur.

Təhlükəsizlik tədbirləri

Ev heyvanınızı çiy ətlə bəsləməyə qərar verdinizsə, təhlükəsizlik tədbirlərini görmək lazımdır. Çiy rasion hazırlayarkən gigiyena qaydalarına əməl edin. Əllər və mətbəx ləvazimatlarını qida ilə təmasdan sonra yaxşı yuyun. Çiy qidanın yeyilməmiş qalıqlarını dərhal atın, heyvanın yem qabını isə su və yuyucu vasitə ilə yuyun.

Sağlam qalması üçün ev heyvanını nə ilə bəsləməli?

Baytar həkimləri və diyetoloqlar bir səslə ev heyvanlarını premium və super premium yemlər ilə bəsləməyi məsləhət görürlər. Əbəs yerə deyil. Premium brendlər ev heyvanlarının qida ehtiyacları və qida davranışları üzrə uzun illərdi aparılan tədqiqatlara əsaslanırlar. Bu cür yemlər vacib vitamin və minerallar əlavə edilməklə yüksək keyfiyyətli təbii inqrediyentlərdən hazırlanırlar. Bu istehsalçıların məhsul çeşidlərinə müxtəlif xəstəliklərdə baytarlıq pəhrizləri, eləcə də hamilə heyvanlar üçün yemlər daxildir. Xüsusi ehtiyacı olan heyvana təbii rasion tərtib etmək bizim üçün çox çətindir, lakin baytar həkimi ilə bunu etmək mümkündür. Bu halda hazır yemlər vaxtınıza və pulunuza qənaət edir.

Xülasə

İt və pişikləri çiy ət və sümüklər əsasında hazırlanmış pəhriz ilə bəsləmək həm heyvanların, həm də insanların sağlamlığı üçün müəyyən risklər yaradır. Yüksək keyfiyyətli sənaye yemləri təbii bəsləmədən heç cür geri qalmır və hətta təhlükəsizlik və qida dəyəri cəhətindən ondan üstündür.