Pika sindromu: itim niyə hər şeyi yeyir?

14.12.2023
 BUNU PAYLAŞIN
Pika sindromu: itim niyə hər şeyi yeyir?

İtlər hər bir şeyə maraq göstərən heyvanlardır. Onlar həssas burunları ilə ətraf mühiti araşdırmağı və əlbəttə ki, hər şeyin dadına baxmağı sevirlər, olsun corab, daş, ot və hətta nəcis. Bu cür davranış əsasən bala itlərə xasdır. Lakin ev heyvanınızda qeyri-qida cismlərinin qəbulu vərdiş halını alıbsa, bu sizi narahat etməlidir. Belə bir anomaliya pika sindromu adlandırılır və sonunda bağırsaq keçməzliyinə gətirib çıxarır, bu da ən yaxşı halda ciddi əməliyyat ilə nəticələnir. 


Pika sindromunun səbəbləri

Bu qidalanma davranışının pozulması heyvanın tərbiyə və ya ciddi sağlamlıq problemlərindən qaynaqlana bilər:

  • Təklik və ya stres: sahibindən ayrılma, atəşfəşanlıq və s. kimi yüksək səs-küy səbəb ola bilər. Beləliklə, kənar cismləri gəmirərək it özünü sakitləşdirir. 

  • Sahibin diqqətini cəlb etmək: it qəsdən yeyilməz əşyaları gəmirir və sahibinin ona diqqət yetirməsini gözləyir.

  • Vitamin çatışmazlığı: itinizi tam balanslaşdırılmış keyfiyyətli rasion ilə bəsləyin. 

  • Müəyyən dərmanların qəbulu: məsələn, steroid dərmanlar iştahanı artıra bilər.

  • Qurdların olması.

  • Mədə-bağırsaq xəstəlikləri. Mədə pozulmasını sakitləşdirmək üçün itlər çox vaxt ot yeyirlər.


İti qida olmayan əşyalardan necə tərgitdirməli?

Qidalanma davranışının pozulmasının dəqiq səbəbini baytar həkimi müəyyən edə bilər. O, bütün lazımi analizləri götürəcək və müvafiq müalicə və ya düzgün yemləmə üzrə tövsiyələr verəcəkdir. 

Pika sindromunun səbəbi davranışdırsa, aşağıdakı həll yollarını sınayın:

  • Evdə və həyətdə itin diqqətini cəlb edə biləcək kənar əşyaları yığışdırın.

  • İtə "Olmaz" əmrini öyrədin. Bu əmri bilməsi çox vacibdir, məhz o, çox vaxt itlərin canını xilas edir.

  • İti xalta qayışıağızlıqda gəzdirin. Şüşə, zəhərli maddələr, heyvan nəcisi – bütün bunlar küçədə ev heyvanı üçün təhlükə yaradır.

  • Fiziki və zehni məşqlərin sayını artırın, beləliklə kənar əşyalar yorğun itin marağını artıq cəlb etməyəcəkdir.

  • İtə çeynəmə oyuncağı alın və ona faydalı bir vərdiş öyrədin, çünki bu cür oyuncaq nəinki itin çeynəmə ehtiyacını qarşılayır, həm də onun dişlər və diş ətinə qulluq edir. 

  • Gəzintiyə çıxmazdan əvvəl getdiyiniz yerə qida qalıqlarını səpələyin. Hər dəfə yerdən nəsə götürməyə çalışdıqda iti dərhal cəzalandırın. Özünüzlə oyuncaqlar götürün və itin diqqətini yayındırın. Bu cür təlimi evdə də təkrarlaya bilərsiniz. 


İt qeyri-qida cismi yeyibsə

İt həzm edə bilməyəcəyi kənar cism yeyibsə, onda bağırsaq keçməzliyi yarana bilər. İtlərdə bağırsaq keçməzliyinin simptomlarına aşağıdakılar daxildir:

  • İştahanın itməsi;

  • Zəiflik;

  • Davranış dəyişiklikləri;

  • Qusma;

  • Nəcis keyfiyyətinin dəyişməsi (qəbizlik və ya ishal);

  • Qarın ağrısı.

Bu cür əlamətləri müşahidə etdikdə, dərhal iti baytar həkiminə göstərin. 



Xülasə

Ev heyvanınızın ətrafdakı əşyaların dadına baxması normal haldır, əsasən də bala it olduğu yaşda. Vəziyyət o halda ciddi hesab edilər ki, it bu halı vərdişə alar və dayanmadan daş, torpaq və hətta öz nəcisini yeyər. Qidalanma davranışının pozulmasının səbəbi heyvanın tərbiyə və ya sağlamlıq problemləri ola bilər. İti müayinə etmək və vaxtında müalicəyə başlamaq üçün baytar həkiminizə müraciət edin.