İtə və pişiyə hansı su və necə verilməli?

14.09.2023
 BUNU PAYLAŞIN
İtə və pişiyə hansı su və necə verilməli?

Su heyvanın gündəlik qida rasionunun vacib tərkib hissəsidir. O, maddələr mübadiləsində iştirak edir və bütün orqanizmin düzgün fəaliyyəti üçün vacibdir. Kifayət qədər su qəbul etməmək böyrək daşı xəstəliyi və digər ciddi pozulmalar kimi acınacaqlı fəsadlara səbəb olur. Buna görə də heyvanın su içmə rejimini düzgün təşkil etmək və normadan kənara çıxmaları qeyd etmək çox vacibdir.

 

Məqaləmizdə pişik və itlərin su içməsi ilə bağlı bütün nüanslara toxunmağa çalışdıq.

 

Ev heyvanında susuzluğun əlamətləri

 

Ağırlıq dərəcəsindən asılı olaraq susuzluq simptomları fərqlənir. Əsəs əlamətlərə daxildir:

 

● Halsızlıq və iştahasızlıq;

● Diş ətinin quruması və yapışqanlığı, itlərdə habelə burun quruması;

● Dəri elastikliyinin azalması (heyvanın çiyin bıçaqları arasındakı dərini yavaşca çimdikləyin, yuxarı dartın, sonra buraxın; dəri düzəlməyə tələsmirsə, deməli söhbət susuzluqdan gedə bilər);

● Tünd sidik;

● Batıq gözlər;

● Qusma və ya ishal.

 

Ev heyvanım niyə az su içir?

 

Pişik və itlərdə suya qarşı marağın azalmasının əsas səbəblərindən biri nəm yem ola bilər. Ev heyvanı daim nəm yem və ya evdə hazırlanmış sulu qida ilə bəslənirsə, o, artıq gündəlik su normasının müəyyən bir hissəsini qəbul etmiş hesab edilir.

 

İkinci səbəb "dadsız su" ola bilər və bu da mineral duzların çox olması səbəbindən baş verir. Məhz bu heyvanın xoşuna gəlmir. Bu halda artezian suyu və tərkibində xlor olan kran suyundan uzaq durun.

 

Yuxarıda göstərilənlərin heç biri yoxdursa və balaca dostunuz hələ də su qabından çəkinirsə, onu baytar həkiminə göstərməyiniz məsləhət görülür. Belə bir davranışa bəzi xəstəliklər səbəb olar bilər.

 

Heyvana hansı suyu verməli?

 

Ev heyvanına öz içdiyimiz sudan vermək lazımdır. O, az minerallı olmalı və çaydanın və qabın divarlarında ərp yaratmamalıdır. Ən yaxşısı orta dərəcədə minerallaşdırılmış butulka suyu və ya filtrlənmiş sudur.

 

Distillə edilmiş suyu seçməyin, çünki o, hətta faydalı maddələrdən belə təmizlənir. Eyni sözləri qaynanmış su haqqında da demək olar. Lakin əlinizin altında içməli su yoxdursa, kran suyunu qaynadıb soyutduqdan sonra heyvana verə bilərsiniz.

 

İngiltərə alimlərinin apardığı tədqiqata görə, itlər 15℃ temperaturda sərin su içməyə üstünlük verirlər. Pişiklər də soyuq su içməyi sevirlər, çünki instinktiv olaraq belə su onlar üçün təmiz və təravətli görünür. Lakin suya buz əlavə etmək qəti qadağandır. Bu, heyvanın sağlamlığına ciddi zərbə vura bilər. Əlinizin altında sərin su yoxdursa, o zaman panikaya düşməyin, susuzluq halında it hətta isti sudan belə imtina etməyəcəkdir, lakin pişik xarakter göstərə bilər.

 

Ev heyvanı nə qədər su içməlidir ?

 

Ev heyvanının içdiyi gündəlik su norması yaşadığı şərait, aktivlik və sağlamlıq vəziyyətinə əsasən fərdi şəkildə hesablanır. Bu məsələ baytar həkimi ilə həll edilməlidir. Şərti hesab ediriksə, orta aktivliyə malik sağlam it hər bir kq bədən çəkisi üçün gündə təxminən 50 ml su qəbul etməlidir. Çəkisi 4 kq-dan etibarən yetkin pişik fərdi ehtiyaclarında asılı olaraq gün ərzində 150-300 ml su içməlidir.

 

Başqa bir məqam isə heyvanın normadan daha çox su içməsidir. Bu, onun bədənində baş verən dəyişikliklərdən xəbər edə bilər. Bu halda vaxtında həkimə müraciət edin.

 

Ev heyvanının su qabına nəzarət

 

Çirklənməməsi üçün suyu gündə bir neçə dəfə yeniləyin. İlk növbədə ev heyvanının su qabını təmiz saxlamaq vacibdir. Onu, hər gün yumşaq yuyucu vasitə və su ilə yuyun, çünki qabın içində yem qalıqları və tüpürcək yığılır. Pişik üçün qab seçərkən enli və dərin modellərə üstünlük verin ki, su içmə zamanı bığları sıxılmasın. Material cəhətindən keramika və ya paslanmaz polad ən yaxşıdır, çünki bakterialar plastikdə daha tez artırlar.

 

Xülasə

 

Ev heyvanının gündə nə qədər su içməyini hesabladıqda onun fərdi xüsusiyyətlərini də nəzərə almaq vacbidir. Hər hansı bir pozulma aşkarlanarsa, dərhal baytar həkiminə müraciət etmək lazımdır. Suyun keyfiyyəti yemin keyfiyyəti qədər vacibdir. Ev heyvanına özünüz içməyəcəyiniz suyu verməyin. Ən yaxşı seçim təmiz süfrə suyudur. Və ən əsası içməli suyu ev heyvanı üçün əlçatan edin.