Evə kiçik heyvan gəlir: necə hazırlaşmalı

 BUNU PAYLAŞIN
Evə kiçik heyvan gəlir: necə hazırlaşmalı

Şübhəsiz ki, gəmirici və ya dekorativ dovşan kimi kiçik ev heyvanları müasir insanın həyat tərzinə cox uyğun gəlir. Bu balaca canlılar sizdən daha az vaxt və xərc tələb edəcəklər. Lakin kiçik bir ev heyvanının belə gəlişinə yaxşı hazırlaşmalısınız. Bu məsələdə praktiki məsləhətlərimiz və tövsiyələrimiz sizin köməyinizə çatacaq.

Evin hazırlanması

Yeni ev heyvanını gətirməzdən evvəl onun üçün evdə rütubət, istilik və günəşdən uzaq sakit və dinc bir yer seçin. Heyvanı bəzən qəfəsdən buraxmaq lazımdır, ona görə də sərbəst hərəkət edə biləcəyi ərazinin təhlükəsizliyini təmin edin. 

Gəmiricilər əllərinə düşən hər şeylə dişlərini itiləməyi xoşlayırlar  elektrik məftillərini gizlədin və bütün zəhərli bitkiləri uzaqlaşdırın. Su qablarını açıq qoymayın, bir anda balaca canlının suya düşməsini gözdən qaçırmaq olar.   

Heyvanın dırmaşa biləcəyi yerləri nəzərdən keçirin. Unutmayın ki, balaca dostlarımız kiçik hündürlükdən yıxılarkən belə xəsarət ala bilərlər.

Acınacaqlı fəsadların qarşısını almaq və bütün təhlükəsizlik tədbirlərini əvvəlcədən görmək vacibdir.

Ev heyvanı üçün yerin hazırlanması

Lazım olan bütün ləvazimatları əvvəlcədən alın:

Hansı heyvanı seçməli

Heyvan seçərkən xasiyyətlərinizin bir qədər uyğun gəlməsinə nəzər yetirin. Ev heyvanı ilə oynamağı sevənlər üçün siçovul, şinşilla və ya dəniz donuzcuğu uyğun gələcək. Dağsiçanı və ya siçan gecə vaxtı aktiv olduğuna görə məşğul insanlar ilə yaxşı yola gedəcək. 

Dekorativ siçan və dağsiçanı kimi kiçik gəmiricilərin dişləyə biləcəkləri haqqında məlumatlı olmaq vacibdir. Dəniz donuzcuqları və şinşillalar daha böyük olsalar da, xasiyyətcə mülayimdirlər. 

Ev heyvanı hansı yaşda götürülməlidir

Ana südündən kəsilmiş, yetkin yaşa çatmamış heyvanı götürmək daha yaxşıdır. Bu rəqəm heyvanın növündən asılı olaraq dəyişir:

  • Dovşanları 3 aylıq yaşda. 
  • Dağsiçanlarını 3 həftədən 3 aya qədər. 
  • Dəniz donuzcuqlarını 3-4 ayda.
  • Şinşillaları 2 aylıq yaşdan götürmək tövsiyə olunur. 

Sağlam heyvan necə seçilir

Heyvan haqqında qərar verdiniz və artıq yolunuzu zoo mağaza və ya yetişdiriciyə salmısınız. Ən ciddi məsələ elə burada başlayır: sağlam heyvan necə seçilməli və vicdansız satıcı tərəfindən necə aldadılmamalı? Müşahidə qabiliyyətinizi aktivləşdirin və bu sadə qaydalara əməl edin:

  • Dəri və tük sağlam olmalı, daz yerlər olmamalı. 
  • Göz, ağız və burundan ifrazat gəlməməli.
  • Heyvan öskürməməli, asqırmamalı və ya xırıltılı səs çıxarmamalı (ağ ciyər xəstəliyində).
  • Dişləri ilə bağlı heç bir problem olmamalı.
  • Quyruq sahəsi quru olmalı, ishal əlamətləri olmamalı. Bu xüsusilə dağsiçanı seçərkən vacibdir, çünki balalarda "yaş quyruq" adlı yoluxucu xəstəlik ola bilir. Bu xəstəlik çox vaxt yaxşı nəticələnmir. 

Uşaq və kiçik ev heyvanı

Psixoloqların dediyinə görə, uşaq 7-8 yaşdan ev heyvanı sahibi olmağa hazırdır. Məhz bu yaşda o, artıq məktəbə gedir və müəyyən məsuliyyəti öz üzərinə götürməyi bacarır. Lakin uşaq diqqətsizliyini unutmamalıyıq. Buna görə də 10 yaşadək uşaq yalnız böyüklərin nəzarəti altında ev heyvanı ilə oynaya bilər. Uşağınızı heyvanla tanış edin və onunla düzgün davranmağı öyrədin.

Uşaqlarınız üçün kiçik bir dost seçərkən unutmayın ki, onların bir çoxunun ömrü qısa olur:

  • Dekorativ siçanlar 1,5-2,5 il;
  • Dağsiçanları 2-3 il;
  • Dəniz donuzcuqları 6-9 il;
  • Safsarlar 8-10 il;
  • Dekorativ dovşanlar 8-12 il;
  • Şinşillalar 10-15 il yaşayırlar.


Ev heyvanın tez ölümü uşağa mənfi təsir etməsin deyə, onunla bu barədə əvvəlcədən söhbət edin.  


Saxlama məqamları

Gigiyena ev heyvanın sağlamlığında vacib rol oynayır. Müxtəlif növ infeksiyaların qarşısını almaq üçün gəmiricinin qəfəsi həftədə 1-2 dəfə təmizlənməlidir. 

Şinşillalara hər gün qumda çimmək tələb olunur. Onlar dağsiçanları kimi istilik və rütubətə qarşı çox həssasdırlar. Ətraf temperaturun 25 °C-dən, rütubətin isə 40%-dən yuxarı olması heyvanlarda istivurmaya səbəb ola bilər. 

Digər vacib məqam insanların diqqətsizliyidir. Heyvanı qəfəsdən buraxdığınızda, evdə hərəkət edərkən diqqətli olun. Ayağınızın altına baxın, çünki çox vaxt kiçik ev heyvanları ilə bədbəxt hadisələr məhz sahibkarların ehtiyatsızlığından baş verir. 

Düzgün qayğı və stressin aradan qaldırılması ev heyvanınıza daha uzun ömür, sizə isə onunla bir çox əyləncəli və unudulmaz anlar bəxş edəcək.