Tez və asan qeydiyyat!
Balaca uşaqlar ilə ev heyvanlarının video və ya şəkilləri
hamımızı heyran edir. Ancaq çox az insan heyvanın uşağın inkişafına göstərdiyi
təsir haqqında düşünüb; elmi sahədə isə bu mövzuya aid bir çox tədqiqatlar
aparılıb. Psixoloqlar razılaşır ki, ev heyvanı ilə oynayaraq uşaq nəinki
fiziki, hətta emosional və sosial cəhətdən inkişaf edir.
Mütaliə
İndiana Universitetinin doktoru Geyl F. Melsonun
“Heyvanlar uşağın həyatında” kitabına əsasən, ev heyvanları ilə böyüyən uşaqlar
sərbəst mütaliəyə daha tez keçirlər. İt, pişik və ya tutuquşuna kitab oxuyaraq, uşaq heyvana suallar verir və
ya hekayənin gərgin anlarında onu sığallayır. Bu uşağı emosional olaraq
kontekstə cəlb edir.
Qayğı
Doktor Melson həmçinin qeyd edir ki, heyvanlar
uşaqları qayğı göstərməyə öyrədir. Onun fikirincə, qayğı göstərmə istəyi uşağa
genetik olaraq keçmir və uşaq bunu valideyinlərinin nümunəsində öyrənmir. Qayğı
göstərə bilmək gündəlik təcrübə tələb edən bir bacarıqdır və burada buna ev
heyvanları yardımçı olur. Üç yaş və yuxarı uşaqlı ailələrdə aparılan müşahidələrin
nəticələri göstərib ki, uşaqlar öz bacı və qardaşlarına yox daha çox ev
heyvanlarına qayğı göstərirlər. Doktor ev heyvanları ilə ünsiyyət qurmağı oğlan
uşaqları üçün daha vacib olduğunu vurğulayır, çünki qızlarda mərhəmət və mehribanlıq
təbii olaraq ana instinkti üzrə qoyulub.
Valideynlərlə
bağlılıq
Digər üstünlük olaraq Melson ev heyvanlarının ailə
daxili münasibətlərin möhkəmləndirilməsinə olan təsirini göstərir. Heyvan ilə
birgə oynamaq və gündəlik qayğı uşaqlar və valideynlər arasında mehribançılıq
yaradır, onların emosional vəziyyətinə müsbət təsir göstərir, stres və ya təlaşdan
yayınmağa kömək edir. Bundan əlavə, ev heyvanına qulluq üçün məsuliyyəti bölüşdürmək
uşaqlarda məsuliyyət hissini inkişaf etdirir.
Mənimsəmə və
ünsiyyət
Ev heyvanları habelə uşaqların psixiki inkişafına
müsbət təsir göstərirlər. “Uşaqlar və onların ev heyvanları aləmi” kitabında
doktor M.R. Calonqo yazır ki, psixi problemli uşaqlar oxuyan sinifə itlərin gətirilməsi
şagirdlərin təhsilinə müsbət təsir göstərmişdir. Bundan əlavə, ev heyvanı uşağın
öz emosiyalarını ifadə etməsinə səbəb olur. Müəyyən olunub ki, ev heyvanları ilə
yaxın ünsiyyətdə olan uşaqlar ümumiyyətlə daha az həyəcanlı və daha az özünə
qapalı olurlar.
İmmunitet
Corciya Universitetinin immunologiya kafedrasının
müdiri, doktor Denis Ounbinin tədqiqatı göstərib ki, iki-üç it və ya pişikli
ailədə anadan olan uşaqlar heç bir ev heyvanı olmayan uşaqlardan fərqli olaraq iki
dəfə daha az allergiyadan əziyyət çəkirlər. Bunun daha bir təsdiqini İsveç
alimləri tapıblar. Onların tədqiqatına əsasən ev heyvanları olmayan ailələrdə
uşaqlarda allergiya 49% hallarda baş verib, beş və daha çox ev heyvanları olan
ailələrdə isə bu göstərici 0% -dək düşə bilib.
Bundan əlavə ev heyvanları ilə yaşayan uşaqların
yoluxucu xəstəliklər və soyuqdəyməyə daha az həssas olduqları aşkar olunub.
Bunu, Vorvik Universitetinin doktoru Cun Maknikolasın apardığı araşdırmalar təsdiqləyib.
Alimlər dəqiq səbəb demirlər, lakin təxmin edirlər
ki, heyvan ilə təmasda olduğu an uşağın immun sistemi yad bakteriya və
allergenlərə öyrəşməyə başlayır.
Ev heyvanlarının
uşaqların inkişafına dair üstünlükləri burada bitmir. Hazırda elmi cəhətdən təsdiq
olunub ki, ev heyvanları ətrafında böyüyən uşaqlar ev heyvanı olmayan yaşıdlarından
intellektual və emosional olaraq daha inkişaf etmiş olurlar.