Ev heyvanları ailə münasibətlərini necə gücləndirir

17.12.2021
 BUNU PAYLAŞIN
Ev heyvanları ailə münasibətlərini necə gücləndirir

Ev heyvanı sahibi olmağa qərar verərək biz evimizə əsl ailə psixoterapevti gətiririk. Əvvəlcə elə təəssürat yaranır ki, ev heyvanı sadəcə gündəlik həyatımıza rəng qatacaq və uşaq üçün dost olacaq. Lakin əslində heyvan bizə qəlb rahatlığı və xoş əhval-ruhiyyə bəxş edir. Ailədə neçə nəfər olmasına baxmayaraq, iki ya beş, heyvan özü bunu bilmədən insanlar arasında münasibətlərin möhkəmlənməsinə səbəb olur. 

Emosional dəstək

Xəstəlik, yaxın adamın itkisi, işsizlik və digər hayat çətinliklərindən ibarət ailə böhranı zamanı ev heyvanı əsl mənəvi dəstək və təsəlli olacaq. Ev heyvanları bu dünyadan uzaq biri kimi görünür: onlar öz sahibini, hətta bütün dünya ona qarşı dursa belə, səmimi qəlbdən və təmənnasız sevirlər. Bu, insanı ruhlandırır, ona müsbət emosiyalar bəxş edir, hətta özünə güvəni artırır.

Stresin azaldılması

Artıq sübut olunub ki, heyvanlarla ünsiyyət həyəcan hissini azaldır, sinir sistemini möhkəmləndirir və orqanizmin müqavimətini artırır. Ev heyvanı evdə şən və əyləncəli mühit yaradır. Virciniya Universiteti tərəfindən aparılan tədqidatlar göstərib ki, ev heyvanı ilə ünsiyyətdə olarkən insanda oksitosin hormonu ifraz edir. Buna xoşbəxtlik hormonu da deyilir. Məsələn, pişiyi sığallama insanda gərginlik səviyyəsini azaldır və sakitlik hissi yaradır. Hətta bu "yumşaq yumaqlar" ilə videolara baxmaq insanı mənfi emosiyalardan azad edə bilər. Bunun təsdiqi Almaniya və Avstraliyada keçirilən sorğunun nəticəsidir. Ona əsasən, it və pişik sahibləri həkimə 15% daha az baş çəkirlər. 
   

Gərgin atmosferin yumşaldılması

Əgər insan mürəkkəb emosiyaların qarışığıdırsa, onu aça bilən bəlkə də məhz ev heyvanıdır. Ailədaxili münaqişələr zamanı yaranan gərginliyi məhz ev heyvanları aradan qaldıra bilir. Diqqəti özünə cəlb etmək üçün it sahibinin qucağına tullanacaq, pişik sahibinin ayağına yatacaq, tutuquşu isə civildəməyə başlayacaq. Ev heyvanları həqiqətən mübahisə zamanı diqqəti yayındırır və hətta inslanları barışdıra bilir. Axı ətrafda belə şirin canlının olduğu an necə qəzəblənə bilərsən?

Birgə vaxt keçirmə

Sosial media dövründə insanlar bir-biri ilə çox az vaxt keçirdiyi bir vaxtda, məhz ev heyvanları yaxınlarımıza diqqət yetirməyin nə dərəcədə vacib olduğunu bizə xatırladır. Ev heyvanına qulluq etmə öhdəliklərinin bölüşdürülməsi, ev heyvanı ilə gündəlik gəzintilər, onun ad gününün qeyd edilməsi, birlikdə keçirilən anlar, ev heyvanı haqqında söhbətlər – bu cür birgə təcrübə ailəni bir araya gətirir. Onu da qeyd etmək lazımdır ki, ev heyvanları ilə böyüyən uşaqlar həyatları boyu həm ailəsi, həm də dostları ilə möhkəm münasibət qurur.

 

Ev heyvanları təkcə bizim dostumuz hesab edilmir. Onlar insanları daha xeyirxah edir, bizə məhəbbət və qayğı göstərməyi öyrədir. Ev heyvanının müsbət təsirini yalnız onunla düzgün emosional əlaqə qurmaqla və buna görə də onu ailənizin əsl üzvü etməklə hiss edə bilərsiniz.