Ev heyvanı ilə necə səyahət etməli?

25.11.2022
 BUNU PAYLAŞIN
 Ev heyvanı ilə necə səyahət etməli?

Bəzən vəziyyət ev heyvanımızı özümüzlə yola götürməyə məcbur edir. Bəlkə də, tətilimizi sadiq dostumuz olmadan təsəvvür edə bilmirik?

Ev heyvanı ilə səyahətin əsəbsiz və əziyyətsiz keçməsi üçün ona yaxşı hazırlaşmaq lazımdır. 

 

Baytar həkiminə ziyarət

Yola çıxmazdan əvvəl baytara müraciət edin. Heyvanın sağlamlığında heç bir problem yoxdursa, növündən asılı olaraq baytarlıq pasportunun və ya digər sənədin tərtibinə başlanılmalıdır. Ziyarət edəcəyiniz ölkənin tələblərinə uyğun olaraq vaksinasiya, helmintlərə qarşı dərmanlanma və çipləmə ilə bağlı bütün məlumatlar pasporta daxil edilir. 

 

Hazırlıq

Ev heyvanının bütün əşyalarını əvvəlcədən hazırlayın. Səyahət üçün su şüşəsi və onun sevdiyi yemdən bir miqdarı ehtiyat olaraq özünüzlə götürün. Ev heyvanını yola düşməzdən dərhal əvvəl yemləməyin, bunu bir neçə saat öncədən etmək daha yaxşıdır. Əgər ev heyvanı çox həyəcanlıdırsa, o zaman həkimin tövsiyəsi ilə ona sakitləşdirici vasitə vermək olar. Daşıma qəfəsinin içinə hopdurucu əski sərin və orada rahat şərait yarın. Yolda qoxuya qarşı vasitə, əlavə əskilər və zibil torbaları lazım olacaq.

 

Tanış olan yad deyil

Balaca dostlarımız asanlıqla stresə məruz qalırlar, buna görə də ətraf mühitin ən cüzi dəyişməsi belə onların psixo-emosional vəziyyətini sarsıda bilər. Yolda bunun qarşısını almaq üçün kiçik kompanyonunuzu yeni şəraitə əvvəlcədən uyğunlaşdırmaq vacibdir. İdeal olaraq, heyvanı daşıyacağınız konteyneri səfərdən bir neçə ay əvvəl təşkil edin. Daşıma qəfəsini və ya volyeri evin ortasına qoyun, içinə yorğan sərin və ev heyvanının sevimli oyuncaqlarını yerləşdirin. Ev heyvanı tam öyrəşənə qədər hər dəfə qəfəsə daxil olandan sonra onu dadlı çərəzlər ilə mükafatlandırın.

 

Avtomobil səyəhati

İlk uğurlu uyğunlaşmadan sonra heyvanı daşıma qəfəsində avtomobilə gətirmək olar. Sadəcə arxa oturacaqda dördayaqlı dostunuzla birlikdə oturun və maşında keçirdiyiniz vaxtı hər gün tədricən artırın. Özünü yaxşı apardıqda kiçik kompanyonunuzu tərifləməyi unutmayın.

Burada diqqət etməli olduğunuz məqam odur ki, bağlı qarajda heç vaxt avtomobili işə salmayın!

İt ilə səyahət edərkən təhlükəsizlik kəmərinə taxılan avtomobil üçün sinə qayışından istifadə edə bilərsiniz. Ev heyvanınıza açıq yük maşınında getməsinə və ya başını pəncərədən çölə çıxarmasına imkan verməyin. Bu çox təhlükəlidir. Yolda bir neçə dəfə dayanın ki, it gəzsin və təbii ehtiyaclarını qarşılaya bilsin. Maşında uşaqlar varsa, onlara başa salın ki, iti sıxışdırmaq olmaz, axı qapalı yerdə uzun müddət qalmaq heyvan üçün artıq böyük bir stresdir.

Pişiklərin təhlükəsizliyi üçün onları sayahət boyu daşıma qəfəsində saxlamaq lazımdır. Stresə qarşı əlavə vasitə kimi qəfəsi yorğanla örtmək olar. Yüksək həyəcan dərəcəsində pişik feromonları ilə sakitləşdirici spreydən istifadə edə bilərsiniz.

Pişik öz işlərini birbaşa hopdurucu əskiyə və ya öz tualetinə edə bilər. Bu halda maşını dayandırın, pişik tualetini döşəməyə qoyun və onun ən sevimli qumundan istifadə edin. Tualetin təmizlənməsi xüsusi gigiyenik torbalar vasitəsilə asanlaşacaqdır.

 

Təyyarə ilə səyahət

Bilet almazdan əvvəl ev heyvanı ilə gedəcəyiniz ölkənin qanunvericiliyi ilə tanış olun. Yola düşməzdən ən azı 24 saat əvvəl aviaşirkətə müraciət edin. Hər bir aviaşirkət heyvanların daşınması üçün öz tariflərini müəyyən edir.

Adətən, təyyarə salonuna eyni nəsildən olan iki ev heyvanını götürməyə icazə verilir. Onların ümumi çəkisi daşıyıcı ilə birlikdə 8 kq-dan artıq olmamalıdır. Konteynerin ölçüləri və konstruksiyası ilə bağlı tələblər aviaşirkətlə dəqiqləşdirilməlidir.

Daha böyük ev heyvanları baqajda səyahət etməlidirlər. Məsələn, "AZAL" və "Aeroflot"un şərtlərinə əsasən, konteynerlə birlikdə çəkisi 32-75 kq olan itlər baqaja verilməlidirlər. Bu halda daşıma konteyneri heyvanın ölçüsünə uyğun olmalıdır ki, o nəinki oturub uzana, həm də ayaqları üstə dura və 360 dərəcə çevrilə bilsin.

Aviaşirkətin bütün tələblərini öyrənin, baqaj hissəsinin hava temperaturu barədə məlumat alın və kiçik dostunuza kimin nəzarət edəcəyini dəqiqləşdirin.

 

Qatarda

"Azərbaycan Dəmir Yolları" QSC-nin qaydalarına əsasən, qatarlarda ev itlərinin, pişiklərin, ev quşlarının, kiçik gəmiricilərin, suda-quruda yaşayan xırda zəhərsiz heyvanların və zəhərsiz sürünənlərin daşınmasına icazə verilir. Tam siyahı ilə ADY-nın rəsmi internet səhifəsində tanış olmaq olar.

Ev heyvanının daşınması üçün icazə planlaşdırılmış daşınmadan 5 gün əvvəl müvafiq baytarlıq arayışına əsasən əldə edilir. Konteynerlə birlikdə çəkisi 10 kq-dan çox olmayan ev heyvanları əl yükü kimi götürülə bilərlər.

Böyük cins itləri və xidməti itləri, ikidən artıq olmamaq şərti ilə, sahibinin nəzarəti altında lokomotivin arxasındakı vaqonun qeyri-işlək tamburunda və ya baqaj vaqonunda xüsusi konteynerdə, daşınma haqqı ödənildiyi halda, daşımaq olar.

 

Ev heyvanı ilə səyahətin uğurlu olması üçün hazırlıqlara məsuliyyətlə yanaşmaq lazımdır. Lakin çəkdiyimiz əlavə xərclər və əziyyət sadiq dostumuz ilə səyahət zamanı yaşadığımız xoşbəxtliyin qarşısında heç nədir.