Bala iti düzgün gəzdirək

 BUNU PAYLAŞIN
Bala iti düzgün gəzdirək

Evə bala it gətirdikdə onunla insan içinə çıxmağa səbirsizlənirik. Heyvanın küçəyə çıxması, oynaması və təmiz havada gəzməsi onun sağlam böyüməsi və inkişafı üçün ilkin şərtdir. Şübhəsiz ki, indi çoxları düşünəcək: iti gəzdirməkdə nə çətin bir şey var, xaltanı taxırsan və çıxırsan çölə. Lakin onlar bunun da öz qaydaları olduğunu düşünmürlər və buna məhəl qoymamaq sevimli dostumuzun həyatını riskə atır.

Bala iti nə vaxt çölə çıxarmaq olar

Ev heyvanınızın parvovirus kimi dəhşətli bir xəstəliyə tutulmasını istəmirsinizsə, onu gəzintiyə aparmağa başlamazdan əvvəl peyvənd olunmasını təşkil etməlisiniz. Son peyvənddən yalnız 2 həftə sonra bala iti gəzməyə çıxarmaq olar. Bu, adətən itin 16-18 həftəlik yaşında baş verir. Lakin bala itin cinsinə və sağlamlığına görə bu rəqəm dəyişə bilər. Bundan əlavə, çölə çıxmağa üç gün qalmış iti birə və gənəyə qarşı dərmanlamaq lazımdır.

Bala iti nə vaxt bəsləməli: gəzintidən əvvəl və ya sonra

Səhər gəzintisi onun üçün nəzərdə tutulub ki, bala it bağırsağına gecə ərzində yığılmış hər şeydən azad olsun və artıq yüngül şəkildə aktiv gəzə bilsin. Belə gəzintidən sonra it adətən iştahla yeməyə başlayır. Ancaq iti gəzintidən əvvəl bəsləsəniz, mədəsinin dolu olması səbəbindən onun aktivliyi azalacaq.

Bala it ilə nə qədər tez-tez gəzməli

Yadda saxlamaq lazımdır ki, ev heyvanının ilk növbədə təbii ehtiyaclarının öhdəsindən gəlməsi üçün gəzintilərə ehtiyacı var. Fizioloji səbəblərə görə, ilk bir neçə ayda, bala it tualetə daha tez-tez istəyir. Adətən gəzintilər arasında 2-3 saat keçir. Tədricən, bir neçə ay ərzində körpə rejimə alışır və gəzintilər arası vaxt altı və daha çox saat uzana bilər.

Bala it neçə müddət gəzməli

İt ilə gəzintilərin müddətini müəyyən etmək üçün çox sadə bir hesablama mövcuddur: bala itin yaşı (aylarda) beşə vurulur. Nəticədə alınan rəqəm, itin orta hesabla gündə iki dəfə gəzdirilməsinin lazım olduğunu nəzərə alaraq, ev heyvanı ilə bir gəzintiyə sərf etməli olduğunuz dəqiqələrin sayıdır. Məsələn, dörd aylıq it ilə bir gəzintiyə 20 dəqiqə vaxt sərf edilməlidir. Əlbəttə ki, bunlar yalnız təxmini rəqəmlərdir, çünki çox şey itin yaşından, cinsindən və təbiətindən asılıdır.

Çixuaxua və ya pomeraniya şpitsi kimi kiçik cins itlər qısa ayaqları səbəbindən çox yeriyə bilmirlər. Lakin, onlar tez böyüyürlər, buna görə də erkən yaşdan tullanmağı və müxtəlif məşqləri etməyi bacarırlar. Böyük cinslərdə bu belə deyil. Ölçülərinə görə uzun məsafələri qət edə bilirlər, lakin onlarda böyümə prosesi daha yavaş olduğu üçün erkən yaşda fiziki fəaliyyət onların əzələ-hərəkət sistemində problemlərə səbəb ola bilər.

Bala itin yorulduğunu anlamaq üçün ona diqqət yetirin. İt tez-tez oturmaq istəyirsə və daha az hərəkət edirsə, deməli o yorğundur və evə dönməyə hazırdır. 

Bala itin xaltaya və xalta qayışına alışması

Bala itin dərhal xalta qayışı ilə yeriməyi öyrənəcəyini düşünmək əslində səhvdir. Xalta qayışı ilə gəzmək çox kiçik yaşlardan öyrədilməli olan bir bacarıqdır. Bala iti, hələ çölə çıxa bilmədiyi müddətdə, ev şəraitində təlim etmək yaxşıdır.

Əvvəlcə ev heyvanınızı xalta qayışıxalta ilə tanış edin. Ən yaxşısı, aksesuarları onun yanına qoyun ki, bala onları iyləyə bilsin, sonra onun marağını dadlı çərəzlərlə mükafatlandırın. Növbəti addım xaltanın itin əyninə ölçülməsidir. Xaltanı itin boynuna taxmağa çalışın və sözünüzə baxdıqda onu dadlı çərəzlə mükafatlandırın. Xalta ilk dəfə tez çıxarılmalıdır. Aksesuarların geyinmə müddəti, ev heyvanı onlarda mümkün qədər rahat olana qədər, tədricən artırılmalıdır.

Hələ böyüyən bir bədənin anatomik xüsusiyyətlərinə görə bala it üçün ən uyğunu sinə qayışıdır. Hollandiya brendi Beeztees-in bala itlər üçün sinə qayışı digərlərinə bənzəmir. Yumşaq material körpənin dərisini zədələmir, rahat bağlayıcılar isə geyinmə prosesini xeyli asanlaşdırır.

Bala itə düzgün gəzməyi öyrədin

Ev heyvanınız xaltaya öyrəşdikdən sonra ona özünüzlə gəzməyi öyrədin. Bu, göründüyü qədər çətin deyil. İtin sizdən başqa istiqamətə uzaqlaşdığını və ya irəli qaçdığını görən kimi yerinizdə dayanın.

Belə edərək siz ona bildirirsiniz ki, o sizin yanınızda düzgün yer tutmayana kimi gəzintiyə davam etməyəcəksiniz. Əgər it tez-tez yoldan keçən avtomobillərə yayınırsa, digər itlərə hürürsə, xalta qayışını dartırsa, onda bu üsul sizin işinizə yarayacaq. Bu texnika bir az vaxt apara bilər və hətta ev heyvanı tərəfindən narazılıqla qarşılana bilər. Ancaq tez bir zamanda nəticə özünü göstərəcək. Sözünüzə baxdıqda balanı mükafatlandırmağı unutmayın.

İt həddindən artıq hürür

Bu, çox vaxt ev heyvanının gün ərzində fiziki və zehni gərginlikdən məhrum olduğunu ifadə edə bilər. Bala itiniz ilə daha tez-tez gəzməyə çalışın. Əgər siz daim məşğulsunuzsa, o zaman yaxınlarınız sizin köməyinizə çata bilər, yaxud şəhərinizdə olan xüsusi it gəzdirmə xidmətlərindən istifadə edin.

Gəzintidən sonra

Gəzintidən sonra itin pəncələrini nəm salfetlər ilə silin. Çöl yağışlı və çirkli olarsa, iti çimdirmək lazım gələ bilər.

 

Bala iti gəzdirmək təkcə əyləncə və oyun üçün deyil, həm də sağlamlığı və inkişafı üçün vacibdir. Ona görə də düzgün vərdişlər ilk andan formalaşdırlılmalıdır.