Təbii qida və hazır yem: pişikləri necə bəsləməli

27.07.2021
 BUNU PAYLAŞIN
Təbii qida və hazır yem: pişikləri necə bəsləməli

Təbiətdə pişiklər yırtıcıdırlar. Çöl şəraitində onlar öz qurbanını bütöv şəkildə yeyərək bütün lazımi qida maddələri, amin turşuları, mikro- və makroelementləri qəbul edirlər. Ancaq ev şəraiti vəhşi mühit olmadığı üçün pişiyin tam böyüməsi və inkişaf etməsi üçün onun yaş və fizioloji xüsusiyyətlərini nəzərə alaraq tam balanslaşdırılmış rasion hazırlamaq vacibdir. Burada sual yaranır: ev heyvanını necə bəsləməli? Fikirlər təbii qida və hazır yem tərəfdarları arasında bölünür.

Təbii qida çox vaxt ev yeməyi ilə səhv salınır

Bilməyərək və ya baytar həkiminin tövsiyələrinə riayət etməyərək, biz pişiyi öz yediyimiz yemək ilə bəsləyirik və bu da onda qaraciyər, böyrək və mədə problemlərinə səbəb olur ki, nəticədə bu uzun müddətli müalicə və xeyli pul tələb edir. Qızardılmış yaxud yağlı ət, balıq, süd, sümük, duzlu, turşulu, şirin, bişmiş un məmulatları və ədviyyatlar - bu qida məhsullarının bir çoxunu pişiklər üçün məhdudlaşdırmaq, digərlərini isə hətta rasiondan tam çıxarmaq lazımdır. Lakin pişik rasionunun əsas hissəsini, ən azı 2/3 zülalın optimal balansını saxlayaraq, ət məhsulları ilə zənginləşdirmək vacibdir. Vitamin, minerallar və taurin haqqında da düşünmək lazımdır. Bu cür bir-birinə zidd olan məlumatlar pişik sahibləri arasında qarışıqlığa səbəb olur.

Təbii rasionu baytar tərtib edir

Çox az insan bilir ki, təbii rasion baytar həkimi tərəfindən heyvanın fərdi xüsusiyyətləri nəzərə alınaraq hazırlanır. Təbii rasiona əməl etmək çox məsuliyyətli və zəhmətli prosesdir. Buna görə bu bəsləmə növü daha çox öz heyvanlarına xeyli boş vaxt sərf edə bilənlər üçün uyğun gələcək.

Hazır yemlərin üstünlükləri

Hazır yemlərə gəldikdə, bu qida növü pişik sahibləri tərəfindən daha çox bəyənilir. İstehsalçıların müxtəlifliyi və geniş qiymət kateqoriyaları hazır yemləri hər büdcəyə uyğun edir. Ekonom, orta və ya premium dərəcəli – tam rasionlu yemlərin hamısı, pişiyin tam və balanslı inkişafı üçün, özündə həyat üçün vacib bütün qida maddələrini ehtiva edirlər. Hazır yemlərin tərkibindəki amin turşusu olan taurin pişiyin görmə, ürək, reproduktiv sistemi, həzm və immun sisteminin sağlamlığında mühüm rol oynayır. Təbii rasionu taurin ilə zənginləşdirmək üçün xeyli dərəcədə xam heyvan əti və ət məhsulları tələb olunur. Ancaq parazitlərə yoluxma riskinə görə xam ət pişiklər üçün tövsiyə olunmur. Hazır rasionlardan fərqli olaraq, təbii bəslənmədə bu vacib elementlər asanlıqla nəzərdən qaçırıla bilərlər.

Gördüyümüz kimi, cəmiyyətdə pişiklərin təbii qidalanması haqqında səhv düşüncə yaranıb. Təbii qidanın hazırlanması məsuliyyətli və peşəkar yanaşma tələb etməklə hazır yemdən geri qalır. Balanslaşdırılmış tərkibi sayəsində hazır yem nəinki pişiyinizin sağlamlığını qoruyur, hətta sizin vaxt və pulunuza qənaət edir.