Sterilizasiyadan sonra pişiyə necə qulluq etməli

21.10.2022
 BUNU PAYLAŞIN
Sterilizasiyadan sonra pişiyə necə qulluq etməli

Sterilizasiya və ya axtalama nəinki arzuolunmaz nəsil problemini həll edir, həm də evdə saxlanılan pişiyin sağlamlığına və davranışına müsbət təsir göstərir. Əgər belə əməliyyatın uğurlu keçməsi əsasən baytar həkiminin peşəkarlığından asılıdırsa, o zaman heyvanın sağlamlığının tez bərpa olunması birbaşa sahibinin ləyaqətidir. 

Klinikadan çıxış 

Əməliyyat başa çatdıqdan sonra klinikadan çıxmağa tələsməyin. Pişikdə qanaxmanın olmadığına əmin olun. Heyvanın vəziyyətini narkozdan sonra yoxlamaq üçün 30-40 dəqiqə gözləyin. Narkoz altında olma müddəti ev heyvanının fərdi xüsusiyyətlərindən və anesteziya növündən asılıdır. 

Pişiyinizi aparacağınız daşıma qəfəsini əvvəlcədən hazırlayın. Onun hava şəraitinə uyğun olduğuna əmin olun. Əməliyyətdan sonra balaca dostunuzu soyuqdan qoruyun: əgər bayırda havanın temperaturu çox aşağıdırsa, o zaman daşıma qəfəsinə isti qrelka yerləşdirmək olar. 

İnfeksiyanın qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə etməmək tövsiyə olunur. 

Evdə yerin hazırlanması

Evə qayıtdıqda pişiyi tanış otağa gətirin və yelçəkəndən uzaq rahat bir küncdə dincəlməyinə imkan yaradın. Yatağını yerdə salın, ki tullanmağa məcbur olmasın. Digər heyvanlarla və uşaqlarla təmasda olmağına icazə verməyin.

Əməliyyatdan sonrakı tikiş yerinə qulluq 

Pişiyin yaranı yalamasının qarşısını almaq üçün baytar həkimi qabaqcadan tədbir görməlidir. Bu məqsədlə o, adətən pişiyə xüsusi örtük və ya baytarlıq yaxası geyindirir. Bandajın geyilmə müddətini yaranın vəziyyətinə əsasən yalnız həkim təyin edə bilər.

Tikişin dərmanlanması da baytarın göstərişi ilə həyata keçirilməlidir, bunun üçün adətən Xlorheksidin kimi spirtsiz antiseptiklərdən istifadə olunur. Həkim məsləhət görərsə, infeksiyanın qarşısını almaq üçün tikişə Alüminium sprey tətbiq etmək olar.  

Əməliyyat yerinin açılmaması üçün heyvanın tam bərpa olmasına qədər tullanma və aktiv oyunlara fasilə verin. Tikişin sağalma prosesi adətən 10-14 gün çəkir, lakin istisnalar ola bilər.

Sterilizasiyadan sonra yemləmə

Pişik narkozdan oyandıqdan 3-4 saat sonra yatağının yanına su və yem qoymaq olar. Qəbizliyin yaranmaması üçün yem nəm və yüngül olmalıdır. Birinci gün pişiyin yemdən imtina etməsi normaldır, onu yeməyə məcbur etməyin. Səbrli olun, 24-48 saat ərzində iştahası qayıdacaq. Su içməsi isə çox vacibdir. Ona görə də, əgər pişik özü içə bilmirsə, ona şprisdən (iynəsiz) bir az su vermək olar. 

Tam sağaldıqdan sonra baytar həkimi sterilizasiya edilmiş pişiklər üçün yemə keçməyi məsləhət görməlidir. Sterilizasiyadan sonra pişiyin həyat məqsədi yalnız sağ qalmaqdır, buna görə də o, bütün enerjisini qida axtarışına sərf edir. Xüsusi yem piylənmənin qarşısını alır və pişiyin orqanizmini məhz sterilizasiyadan sonra vacib olan qida maddələrinin nisbəti ilə təmin edir. 

Balaca dostunuzun rasionuna fərqlilik qatmaq istəyirsinizsə, sterilizasiya edilmiş pişiklər üçün xüsusi dadlı çərəzlər  tapa bilərsiniz. 

Tualetə nəzarət 

Pişik tualetini pişiyin yatağının yanında yerləşdirin. Pişik qumundan istifadə etmək məsləhət görülmür, çünki qumun qranulaları yaraya düşərək iltihaba səbəb ola bilərlər. Bəzi həkimlər qumu qəzet parçaları ilə əvəz etməyi tövsiyə edirlər. 

Bu müddət pişiyin orqanizmi bakteriyalara qarşı çox həssasdır, buna görə də hər istifadədən sonra tualeti qaynar su ilə yumaq məsləhət görülür. 

Pişiyin tualetə getməsinə diqqət yetirin. Sterilizasiyadan sonra 24 saat ərzində sidik ifrazının olmaması problemdən xəbər edir. 

Sterilizasiyadan sonra qəbizlik isə normal haldır. Lakin əməliyyatdan sonra 48-72 saat ərzində defekasiya olmadıqda, dərhal baytar həkiminə müraciət etmək lazımdır. Özbaşına işlədici dərmanlar vermək olmaz, çünkü onların yan təsirləri ola bilər.

Pişiyi nə vaxt çimdirmək olar?

Yara tam sağalanadək hamam prosedurlarından uzaq durmağınız tövsiyə olunur. 

Aşağıdakı hallarda pişiyi baytar həkiminə göstərin

  • Yaradan qan və ya pis qoxu gəlir 
  • Tikiş yerində dəri rəngini dəyişib
  • Pişiyin nəfəs alma sürəti dəqiqədə 30 dəfədən çoxdur
  • Anesteziyadan 14 saat sonra taqətsizlik və başgicəllənməsi davam edir   
  • Pişik bir gündən çoxdur ki, yemir-içmir
  • Ayaqları titrəyir
  • Pişik 40 saatdan çoxdur tualetə getmir 

 

Sterilizasiyadan sonra balaca dostunuzun tez sağalması üçün əsas qulluq qaydalarına əməl etmək kifayətdir. Pişiyin orqanizminin bərpa müddətində ciddi fəsadların qarşısını almaq üçün sağlamlığına xüsusi diqqət yetirin.