Soyuq havalarda tutuquşuya necə qulluq etməli?

09.02.2023
 BUNU PAYLAŞIN
Soyuq havalarda tutuquşuya necə qulluq etməli?

Tutuquşular ekzotik canlılardır və onların orqanizmi soyuq hava şəraitinə uyğunlaşmayıb. Ətraf mühit temperaturunun +18℃-dən aşağı düşməsi tropik quşlarda narahatlıq yaratmağa başlayır. Termometr müsbət göstərsə də, mənfi olaraq hiss edilən güclü küləkli və yüksək rütubətli Bakı qışından hələ heç danışmırıq. 

 

Ciddi fəsadların qarşısını almaq üçün qışda və soyuq payızda tutuquşuya daha diqqətli qayğı lazımdır. 

 

Qışda tutuquşu saxlama qaydaları

 

Soyuq havalarda tutuquşuya necə qulluq etməyi bilmək üçün bizim sadə məsləhətlərimizə əməl edin:

 

  • Tutuquşu olan qəfəsi eyvan və ya istiləşdirilməmiş lociyaya aparmayın, qəfəsi pəncərəaltına qoymayın, çünki oradan yel vura bilər. 
  • Otaqda optimal temperaturu qoruyun (+18℃…+22℃). Qəfəsi istilik cihazlarının yanına qoymayın. Unutmayın ki, qaz qızdırıcıları quşlar üçün zəhərli olan uçucu birləşmələr buraxır. 
  • Otaqda lazımi rütubəti təmin edin (50-60%). Bunu etmək üçün nəmləndiricidən istifadə edə və ya içəriyə su qabları qoya yaxud radiatorun yanına nəm dəsmal asa bilərsiniz. Unutmayın! Quru hava tutuquşunun dərisinə mənfi təsir göstərir, çatlara və bakteriyaların inkişafına səbəb olur və aşağı temperaturla birlikdə tənəffüs infeksion xəstəliklərinə gətirib çıxarır.
  • Otağı havalandırın, lakin bundan əvvəl qəfəsi ədyal ilə örtün və ya ev heyvanını başqa otağa aparın. Sərt temperatur dəyişmələrinə imkan verməyin.
  • Qabındakı içməli suyu tez-tez dəyişin ki, soyuq olmasın.
  • Ev heyvanınızın rasionunun balanslaşdırılmış olmasını təmin edin. Qışda, quşun immuniteti zəiflədiyi zaman, onun yemində bütün lazımi vitaminlərin olması vacibdir. 

tutuqusu qisda

Tutuquşunun üşüdüyünü necə başa düşmək olar?

 

Tutuquşu donduqda, bu, yalnız onun davranışında deyil, həm də görünüşündə əks olunur:

  • Enerji saxlamaq üçün əvvəlcə çox yeyə bilər, sonra iştahası itir;
  • Lələklərini qabardır və ya pırtlaşdırır, bədəni titrəyir;
  • Göz qapaqlarını aşağı salır və ya əksinə, gözlərini bərəldir;
  • Halsız və ya hərəkətsiz olur;
  • Sahibinə və kənar səslərə reaksiya vermir;
  • Qəfəsdə bir neçə quş varsa, onlar isinmək üçün bir-birinə qısılırlar.

 

Soyuqdan donmuş tutuquşunu necə isindirməli?


tutuqusunu nece isindirmeli

Əgər lələkli dostunuzda yuxarıda göstərilən əlamətləri tapsanız, dərhal onu isindirməyə çalışın. 

 

Közərmə lampalı sadə çıraq əla qızdırıcı olacaqdır. Masa lampasını qəfəsə yaxın qoyun ki, işıq quş evinin bütün içərisinə daxil olsun. Parçadan istifadə edərək, qəfəsin bir hissəsində kölgə yaradın ki, işıq həddindən artıq olarsa, quş gizlənə bilsin.

 

Əgər varsa, lüminessent lampa həm qızdırma, həm də buludlu günlərdə əlavə işıq mənbəyi kimi ideal seçim olacaqdır. 

 

Əldə olan vasitələrdən mətbəx qazanları köməyinizə çatadaqdır. Onları qaynar su ilə doldurun, qapaq ilə örtün və qəfəsin yanına qoyun. Vaxtaşırı qapağı açın və buxarı çıxarın. 

 

Qrelka kimi, isti sudan əriməyən davamlı plastikdən hazırlanmış şüşələrdən istifadə edə bilərsiniz. Onları su ilə doldurun və qəfəsin ətrafına yerləşdirin.

 

Qum və ya xörək duzunun köməyi ilə quru qrelka hazırlaya bilərsiniz. Qumu və ya duzu bir tavada və ya sobada közərtin, sonra parça kisələrə doldurun və əlavə olaraq isti corablara yerləşdirin. Belə qrelkanı sonra tutuquşunun qəfəsinə qoyun.

 

Papaq, corab və ya pambıq quş yuvası hazırlamaq üçün istifadə oluna bilər. 

 

Heç bir şey olmadıqda belə, qəfəsi ədyal ilə örtə, quşa isti su içirə və ya onu əllərinizin içində isidə bilərsiniz.

 

 

Sonda bir daha vurğulamaq istərdik ki, soyuq havalarda tutuquşuya qulluq, ilk növbədə, rahat temperatur rejimi və optimal hava rütubətini təmin etməkdən ibarətdir. Vaxtında tədbir görmək və acınacaqlı fəsadların qarşısını almaq üçün yuxarıda göstərilən qaydalara əməl edin və ev heyvanının vəziyyətinə diqqət yetirin.