Heyvan intuisiyası: kiçik dostlarımız təhlükələri necə hiss edirlər

10.05.2022
 BUNU PAYLAŞIN
Heyvan intuisiyası: kiçik dostlarımız təhlükələri necə hiss edirlər

Çox vaxt biz ev heyvanlarının sahiblərinin həyatlarını xilas etdikləri haqqında, onların zəlzələ və ya sunaminin yaxınlaşmasını qabaqcadan hiss etdikləri haqqında hekayələr eşidirik. Çoxları üçün bu, inanılmaz görünür, çünki insan ona məlum olmayan bütün hadisələrə fövqəltəbii xüsusiyyətlər aid etməyə meyllidir.  

Altıncı hiss? 

Luiziana Universitetinin biologiya elmləri kafedrasının balıqlarda dad və iybilmə tədqiqatı ilə məşğul olan professoru Con Kaprio heyvanlardakı belə deyilən “altıncı hiss” üçün heç bir əsas görmür. Professorun fikrincə, heyvanlar təhlükələri qabaqcadan görə bilirlərsə də, bu yalnız əsrlər boyu təkamül etmiş hiss orqanları sayəsində baş verir. Səslər, rənglər, dadlar və qoxular ev heyvanlarımız tərəfindən tamamilə fərqli spektrlərdə hiss olunur.

Rəng qavrayışı

İtlərin dünyanı ağ və qara rəngdə gördüyünü düşünmək səhvdir. Reallıqda itlər qırmızı və yaşıl rəngləri, eləcə də onların çalarlarını görmürlər və əksinə, insan gözü üçün əlçatmaz olan bir çox boz çalarları seçə bilirlər. (Sual yarana bilər: Bələdçi itlər işıqforun rənglərini necə fərqləndirirlər? Cavabı çox sadədir – onlara işıq siqnalının yerləşməsinə reaksiya verməyi öyrədirlər.)

İtin görmə kəskinliyi insandan daha az olsa da, o, uzaq məsafədə hərəkət edən obyektləri aydın görür və 250 dərəcə görünüş bucağı altına düşən hər bir şeyi görə bilir (müqayisə üçün: insanın görünüş bucağı 180 dərəcədir).  


Pişiklərin görünüş sahəsi itlərdən bir qədər kiçikdir  200 dərəcədir. Gözlərin xüsusi quruluşu pişiklərin zəif işıqlandırmada belə insanlardan 6-8 dəfə daha yaxşı görməsini təmin edir, torlu qişa isə daha çox sürətli hərəkət müəyyən edir.



Görmə itiliyinə görə quşlar insanlardan 4-5 dəfə daha üstündür. Gözlərin yan tərəflərdə yerləşməsinə görə tutuquşular ətrafı 340 dərəcə görürlər. Monokulyar görmə onlara hər iki gözlə iki fərqli şəkil görməyə imkan verir. Onlar üç qat daha çox rəng çalarları seçə və hətta ultrabənövşəyi spektrdə görə bilirlər. Tutuquşulara ətraflarını qiymətləndirmək üçün cəmi bir neçə saniyə, qarşıdan gələn təhlükədən qaçmaq üçün isə saniyənin yüzdə biri tələb olunur. 


Səs qavrayışı

Eşitmə qabiliyyətinə görə heyvanlar insanlardan olduqca üstündür. İtlər 45 kHs-ə qədər olan diapazondaki səsləri qəbul edərkən, insanlar 20 kHs-ə qədər səsləri eşidirlər. Belə həssas eşitmə duyğusu sayəsində itlər hətta insanın nəbzini belə eşidə bilirlər. 

Pişiklərə gəldikdə isə onlar 65 kHs-ə qədər diapazonda eşitmə qabiliyyətinə malikdirlər. Belə mükəmməl eşitmə qabiliyyəti 180 dərəcə dönə bilən qulaqların xüsusi quruluşu sayəsində mümkündür. Pişik qulaqları eyni anda bir neçə səs mənbəyini izləyə və hətta siçovulların ünsiyyət üçün istifadə etdiyi ultrasəsi qavraya bilir. Buna görə də ev heyvanınızın gözlənilməz anda qəribə davranışına təəccüblənməməlisiniz, bəlkə də o, insan qulaqları üçün əlçatmaz olan səsləri duyur. 

Titrəyişə qarşı həssaslıq

Merilend Universitetinin professoru Coel Qrinspanın sözlərinə görə, zəlzələ və sunaminin yaxınlaşmasını heyvanlar məhz yerdən yayılan titrəyişdən hiss edirlər. Bir çox heyvanların, o cümlədə, insanların dərisində və daxili orqanların birləşdirici qişalarında Paçini cisimcikləri adlanan xüsusi həssas sinir reseptorları var. Cisimciklər təzyiq və titrəyişə reaksiya verir. İnsan onları uzun müddət istifadə etmir, heyvanlar isə əksinə. Bu reseptorlar pişiklərin mədəsində və heyvanlar aləminin bəzi nümayəndələrinin pəncələrində xüsusilə çoxdur. 

Təhlükədən qaçma

Heyvanlarda qorxu hissi insanlardan fərqlənmir. Qorxulu bir hadisə ilə üzləşərkən  heyvanda qorxu hissi nəticəsində yaranan şərti refleks zəifləməsi (fear conditioning) yaranır. Heyvan təhlükəli hadisəni pattern (nümunə) ilə əlaqələndirir və gələcəkdə oxşar vəziyyətə düşməmək üçün onu yadda saxlayır. Yaponiya Milli Genetika İnstitutunun professoru Kavakaminin dediyinə görə, bu prosesdə beynin amiqdala hissəsi əsas rol oynayır. Lakin balıqlarda bu funksiya beynin tamamilə fərqli hissəsinə düşür. 

 

Ev heyvanlarımız üçün dünya çox fərqli görünür. Onlar, ətrafdakı hər bir dəyişikliyi bizdən daha kəskin qavrayırlar. Heyvanların hisslərini başa düşmək və onlara diqqətlə yanaşmaq kiçik dostlarımız ilə ahəngdar münasibətlər qurmağın əsas yoludur.