Evsiz heyvan sahiblənmək qərarına gəldiniz: nə etməli

23.02.2022
 BUNU PAYLAŞIN
Evsiz heyvan sahiblənmək qərarına gəldiniz: nə etməli

Ömürlük sadiq dostumuz gözləmədiyimiz bir an qarşımıza çıxa bilər. Quyruğunu yelləyərək və ya addım-addım arxamızca gələrək, bu canlılar xəbər verirlər ki, yalnız insan onlara məhrum olduqları sevgi və qayğını verə bilər. Əgər siz evsiz it və ya küçə pişiyinə sahiblənmək istəyirsinizsə, onda aşağıdakı məsləhətlər sizə mütləq lazım olacaqdır. 

Heyvanın sahibi olmadığına əmin olun

Evinizə küçədən pişik və ya it götürməzdən əvvəl, onun sahibi olmadığına əmin olun. Ola bilər ki, artıq kimsə həyətdəki heyvana qulluq edir. Belə halda bu şəxsi tapmaq və onunla heyvanı özünüzlə aparmaq istədiyiniz haqqında razılaşmaq daha yaxşıdır. 

Düşünülmüş qərar

Evinizə küçə heyvanı gətirmək qərarına gəldikdə, ilk növbədə, onun növünü və yaşını nəzərə almalısınız. İtlər pişiklərdən daha çox diqqət tələb edirlər və onlara göstərməli olduğunuz qayğı buna görə fərqlənir. Yadda saxlayın ki, yetkin heyvanı təlim etmək körpə heyvandan daha çətindir. Buna görə də, yetkin heyvana təlim-tərbiyə etmək sizdən səbir və güc tələb edəcəkdir. 

Baytar həkiminə ziyarət

Heyvanla dərhal baytarlıq klinikasına getməyiniz daha yaxşı olar. Evdə uşaqlar və digər heyvanlar varsa, bu, xüsusilə vacibdir. Baytar heyvanda xarici parazitlərin mövcudluğunu yoxlayacaq və daxili parazitlərin müəyyən edilməsi üçün müvafiq analizlər götürəcəkdir. Həkim həmçinin heyvanın tük və dərisini müayinə etməli, çəki və temperaturunu ölçməli, sterilizasiyanı və lazımi vaksinasiyanı etməlidir. 

Əgər baytar həkiminə baş çəkmək dərhal mümkün deyilsə, onda heyvan 7-14 gün karantində saxlanılmalıdır. 

Yemləmə 

Yeni ev heyvanı üçün düzgün qidalanmanı seçərkən baytar həkimi ilə məsləhətləşmək daha yaxşıdır. O, yeni ev heyvanınızın yaşını və sağlamlığını nəzərə alaraq müvafiq tövsiyələr verəcək. Çox rastlanılan hal odur ki, pişiklər küçədə uzun müddət dadlandırıcı qatqılarla zəngin olan keyfiyyətsiz yemlər ilə qidalandıqlarına görə onları keyfiyyətli pəhrizə keçirmək çətin olur. Ev heyvanlarının yeni qidaya düzgün öyrəşdirilməsi haqqında ətraflı "Ev heyvanını yeni yemə necə keçirməli" adlı məqaləmizdə danışırıq.  

Tərbiyə 

Heyvan yeni həyat şəraitinə uyğunlaşdıqdan sonra dərhal onda qəbul olunan və qəbul olunmayan davranışlar haqqında anlayışlar formalaşdırılmalıdır. Ən əsası tualet təlimidir. Əvvəlcə itə bez geyindirmək və tədricən xalta qayışı ilə gəzməyi öyrətmək lazım gələ bilər. 

Pişiklərə gəldikdə isə, bu, pişik tualeti və caynaqyonana öyrədilmə deməkdir. Təlim hər zaman təşviq və ya cəza ilə dəstəklənməlidir.

Sosiallaşma

Çöl pişiyi və iti əvvəlcə insanlardan qorxa və hamıdan gizlənə bilər, çünki küçədəki həyat onun üçün heç də xoş olmayıb. Buna görə də gələcək ev heyvanının sosiallaşması prosesi sahibindən böyük səbir, anlayış və sevgi tələb edir. 

Əvvəlcə pişiyi kiçik şəxsi məkanla təmin etmək və kənar səs-küydən təcrid etmək daha yaxşıdır. Həmçinin, ona toxunmağa tələsməyin. Stressi azaltmaq üçün sakitləşdirici preparatlar və ya pişik feromonları ilə olan spreylərdən istifadə edə bilərsiniz. 

Körpə və yetkin bir itin sosiallaşması fərqli yanaşma tələb edir. Bala it ilə gəzinti zamanı yolları dəyişməyə çalışın, onu yeni insanlarla və digər heyvanlarla tanış edin. Yetkin itə gəldikdə isə, əksər hallarda kinoloqların köməyinə müraciət etmək daha yaxşıdır.  

 

Səmimiyyət və qayğınızı bəxş etdiyiniz heyvanın sevgisi və sədaqəti, başlanğıcda qarşılaşdığınız çətinliklərə dəyər.