Ev heyvanları üçün yaşıl təhlükə

21.10.2021
 BUNU PAYLAŞIN
Ev heyvanları üçün yaşıl təhlükə

Çox vaxt, evə bitki gətirəndə və ya hədiyyə olaraq çiçək alanda ev heyvanlarımız üçün hansı təhlükə yarada biləcəklərini düşünmürük. İlk baxışdan gözəl və zərərsiz olan bəzi bitkilərin tərkibində zəhərli şirələr mövcuddur. Bunlarla təmasda olmaq insanda yüngül qıcıqlanma yaradarsa, heyvan üçün ölümcül nəticələnə bilər. 

 

Təbii instinktlər

Pişiklər və itlər qida çatışmazlığını aradan qaldırmaq üçün ot yeyirlər. Ancaq əksər hallarda bunun səbəbi təbii instinktlərdədir: heyvanlar vəhşi şəraitdən uzaq olduqlarına görə ot yeyərək bağırsaqlarını təmizləyirlər. Buna görə ev heyvanları sahibləri evdə güllər saxlamaq məsələsinə gəldikdə son dərəcə diqqətli olmalıdır, çünki yalnız ekzotik çiçəklər deyil, həm də pəncərələrdə görməyə alışdığımız ən sadə bitkilər belə təhlükə yarada bilər.

 

Zəhərlənmə simptomları

Heyvan zəhərlənməsinin aşkar əlamətləri arasında qusma, ishal, halsızlıq və iştahsızlıq ola bilər. Bununla birlikdə, yalnız həftələr, hətta aylar sonra ortaya çıxan daha məkrli simptomlar olur. Çünki bəzi zəhərli maddələr heyvanın bədənində heç bir əlamət göstərmədən yığıla bilər.

 

Şəhərin çiçək mağazalarında ən çox rast gəlinən bitkiləri nəzərdən keçirək:

 

Aroidlər - bu bitkilərin zəhərli şirəsi qırtlaq və ağızda şiş, selikli qişada yanma və qabarcıqlara səbəb olur, tənəffüsün dayanması ilə nəticələnə bilər və gözlərə düşdükdə konyunktivitə və hətta korluğa gətirib çıxarır. Bu bitki fasiləsinə daxildir: Diffenbaxiya, Monstera, Spatifillum, Kalla, Sinqonium və Zamiokulkas. 

Araliyakimilər - şirəsi selikli qişanın və mədə-bağırsaq traktının qıcıqlanmasına, ürək əzələsinin boğulmasına və tənəffüsün dayanmasına səbəb ola bilər. Şeflera və Sarmaşıq məşhur bitkilər hesab olunur.

Kəndirkimilər - bu bitkilərin toksinləri sinir-iflic təsirinə malikdirlər, ürək və ağciyərlərin işinə maneə törədir və görmə funksiyalarını pozur. Bu bitkilərə ən çox bağlarda rast gəlinir: Oleandr, Adenium və Mandevilla.

Süpürgəkimilər - çiçəkləri və yarpaqları qəbul edildikdə mərkəzi sinir sisteminin pozulmasına, qidalanma pozulmasına və çox tüpürcək buraxmaya səbəb olur. Çiçək mağazalarında məşhur olan Azalia bu bitki fasiləsinə aiddir. 

Hortenziyakimilər - bağbanların sevimlisi olan Hortenziya, həzm pozulması, qusma və ishala səbəb ola biləcək şirə ehtiva edir. 

Nərgizçiçəyikimilər - bu bitkilərin şirəsi qarında ağrı, qusma, tüpürcək axmasına gətirib çıxarır. Böyük dozalarda ifliclə nəticələnə bilər. Bitkinin soğanaqları xüsusi ilə təhlükəlidir, buna görə bu bitkiləri gəmiricilərdən uzaq saxlamaq lazımdır: Amarillis, Hipeastrum, Zefirantes və Kliviya.

Novruzçiçəyikimilər - Siklamenlər bu bitki fasiləsi arasında çox populyardır. Bitkinin yarpaqlarının və xüsusilə də kök yumrusunun yeyilməsi selikli qişanın yanmasına və tənginəfəsliyə səbəb olur.

Südləyənkimilər - çiçəklilərin daha bir populyar bitkilər fasiləsidir. Bu bitkilərlə zəhərlənmənin fəsadları çox ağır olur: ağız boşluğunun və boğazın yanması və xorası, gözlərin selikli qişasının iltihabı, mədə-bağırsaq traktının pozulması, allergik dermatitlər. Bunlara Puansettiya (milad ulduzu), Südləyən, Kroton kimi bitkilər aiddir. 

 

Güldandaki kəsilmiş gülləri də nəzərə almaq vacibdir

Burada təhlükəni nəinki güllər, həm də güldandaki su yaradır. Bizim bildiyimiz nərgizlər, inciçiçəyi, yasəmən, pion, liliya, lalələr və sünbülçiçəyi zəhərli sayılır. Belə ki, gül alarkən ilk növbədə heyvanınızın təhlükəsizliyini düşünün və güldanı onlar üçün əlçatmaz yerə qoyun.   

 

Əgər zəhərlənmə baş veribsə

 

Zəhərli hissəcikləri heyvanın tük və dərisindən dərhal təmizləmək lazımdır. Heyvan bitkinin hissələrini yediyi halda, onu qusdurun, sorbent verin və təcili olaraq baytar həkiminə müraciət edin.

 

Ev şəraiti ev heyvanları üçün bir çox təhlükə gizlədir, ilk baxışda bitkilər kimi zərərsiz görünənlər belə. Lakin interyerinizi yaşıllıqla bəzəmək qərarındasınızsa, onda bitki almazdan öncə onun haqqında məlumat toplayaraq balaca dostunuz üçün ən təhlükəsizini seçmək düzgün hesab olunar.