Ev heyvanını evdə hansı təhlükələr gözləyir

18.03.2022
 BUNU PAYLAŞIN
Ev heyvanını evdə hansı təhlükələr gözləyir

Evdə balaca dostlarımızı küçədəkindən az olmayan təhlükə əhatə edir. İlk baxışdan ən adi şeylər ev heyvanının həyatı üçün təhlükə yarada bilər. Gəlin evin ətrafında gəzək və riskləri qiymətləndirək.

Mətbəxdə

Bunlar, ilk növbədə, ev heyvanı üçün əlçatmaz qapalı qutularda olması lazım olan çəngəllər, bıçaqlar və digər kəskin əşyalardır.

İkinci təhlükə qida məhsullarıdır. Qəhvə, yağlı qidalar, çay, şokolad, avokado, spirt, mayalı xəmir, üzüm və kişmiş, duz, makadamiya fındığı, soğan, sarımsaq, tərkibində ksilitol (şirinləşdirici) olan məhsullar ev heyvanları üçün yem olmamalıdır, ona görə də onları əlçatan yerə qoymayın.

Zibil qutusu ev heyvanlarından uzaq saxlanılmalıdır, çünki çürüyən tullantılar onlarda qida zəhərlənməsinə səbəb ola bilərlər. 

Təmizləyici məhsullar təlimatlara uyğun və xüsusi ayrılmış yerdə saxlanılmalıdırlar. Xlor tərkibli maddələrlə diqqətli olun, çünki xlor heyvanlar üçün zəhərdir. Hətta kiçik dozada belə udulduqda həzm pozulması, tüpürcək axması, ürəkbulanma, ishal və ağır yanıqlara səbəb ola bilər. Nəfəs aldıqda isə tənəffüs yollarının qıcıqlanmasına gətirib çıxarır. 

Pişiklər fenollar kimi komponentlərə xüsusilə həssas ola bilərlər. 

Buna görə də, evinizi dezinfeksiya edərkən sabunlu su və spirtli antiseptiklərdən istifadə etməyiniz tövsiyə olunur. 

Hamamda

Sabun, diş pastası, şampunlar, yuyucu toz və digər hamam ləvazimatları ev heyvanlarından uzaq tutulmalıdır. 

Ev heyvanınızın tualet suyunu içməməsi üçün ayaqyolu caynağının qapağını mütləq qapalı saxlayın. 

Yataq otağı və qonaq otağında

Ətirli vasitələrin tərkibində ev heyvanınızın ağız boşluğunda problemlər yarada bilən maddələr var.

Naftalin topları həzm sistemi, qaraciyər, böyrəklərdə ciddi problemlər yarada bilər, qan hüceyrələrinin məhvinə, qıcolmalara, komaya, tənəffüs yolu ilə daxil olduqda tənəffüs yollarının zədələnməsinə və hətta ölümə səbəb ola bilərlər. 

Tütün məhsulları, tərkibində sink olan sikkələr və qələvi batareyaların udulması heyvanlar üçün həmçinin təhlükəlidir. 

Qapılar və pəncərələr

Pəncərələr və eyvan ilə xüsusilə diqqətli olun. Pəncərələrə qoruyucu torlar vurmaq, eyvanı isə şüşələmək daha yaxşıdır. Bundan əlavə, eyvan üçün xüsusi bir qoruyucu tor almaq olar. 

Qapıların daşıdığı təhlükə heç də az deyil. Evdə qaçaraq heyvan ayaq və ya quyruğunu qapının arasında qoya bilər. Evinizdə çox aktiv it və ya pişik yaşayırsa, qapıları yavaş bağlanma amortizatoru ilə təchiz etməyiniz tövsiyə olunur. 

Məişət texnikası və naqillər

İsinən məişət cihazları nəzarətsiz buraxılmamalıdır. Ev heyvanı qaynar ütünün üstünə atıla bilər və ya şnuru dartıb onu üstünə devirə bilər.  

Evdə çoxlu naqillər və şnurlar varsa, kiçik bir ev heyvanı onlara dolaşıb boğula bilər. Naqilləri xüsusi qutuya gizlətmək və ya onlara dəf edici vasitə tətbiq etmək olar.  

Evdə ilk yardım dəsti

Evdəki bütün dərmanlar bağlı qablarda ev heyvanlarından uzaq yerdə saxlanılmalıdırlar. İnsanlar üçün dərmanlar heyvanlarda ciddi təsirlərə səbəb ola bilər. Heyvan sağlamlığı üçün ən böyük təhlükə yaradan dərmanlara aşağıdakılar daxildir:

  • aspirin və ibuprofen kimi iltihab əleyhinə dərmanlar;
  • parasetamol;
  • vitaminlər; 
  • soyuqdəyməyə qarşı dərmanlar; 
  • allergiya əleyhinə vasitələr; 
  • antidepressantlar; 
  • reseptli dərmanlar. 

Digər təhlükələr

Ev bitkiləri də heyvanlar üçün zəhərli ola bilərlər. Bu barədə daha ətraflı "Ev heyvanları üçün yaşıl təhlükə" adlı məqaləmizdə oxuya bilərsiniz. 

Evinizdə həşərat və parazitlərə qarşı vasitələr, poliuretan yapışdırıcıları və həllediciləri varsa, o zaman onları heyvanların əli çatmayan yerlərdə saxlamaq və istifadə etmək lazımdır. 

İplər, iynə, düymə, bayram bəzəkləri kimi kiçik əşyalar gizlədilməlidir ki, ev heyvanı onları yeməsin.

 

Ev heyvanı uşaq kimidir, ona görə də evdə onlara göz qulaq olmaq lazımdır. Qəzaların qarşısını almaq üçün onları evdəki bütün təhlükələrdən qoruyun.