Başqa reallıq, və ya heyvanlar yuxu görürlərmi

26.08.2022
 BUNU PAYLAŞIN
Başqa reallıq, və ya heyvanlar yuxu görürlərmi

Yuxu və yuxugörmə. Birincinin demək olar ki, bütün heyvanlara məxsus olmasına elm belə şüphə etmir. Bəs yuxugörmə haqqında hansı fikir yaranıb? İnsana bu qədər tanış olan röyaların sərhədsiz və fantastik dünyası kiçik dostlarımız üçün də açıqdır? Elm bir yerdə dayanmır və bu məsələ ilə bağlı əsaslandırmalar gətirir.

Qısacasına vacib məlumat

Məlumdur ki, yuxu iki mərhələdən ibarətdir: tez (REM) və ləng (non-REM). Onlar həm insanlarda, həm də heyvanlarda eyni dərəcədə mövcuddur. Əksər yuxular REM mərhələsində baş verir. Bu, sürətli göz hərəkətləri, nəfəsalma və nəbzin artması, əzələlərin rahatlaşması ilə xarakterizə olunur.

Alimlər müəyyən ediblər ki, heyvanlar da REM mərhələsində yuxu görür, amma bir az fərqli şəkildə.

Ağıl verən yuxu

2001-ci ildə Massaçusets Texnologiya İnstitutunun alimləri siçovulların beyin fəaliyyətini ayıq və yuxu zamanı izləmək qərarına gəldilər. Siçovullar mükafat üçün dairələrdə qaçmağa öyrədilirdi və eyni zamanda onların beyin məlumatları qeydə alınırdı. Məlum oldu ki, yuxuda siçovulların beyin neyronları oxşar sxemləri təkrar edir. Heyvanlar sanki keçdikləri yolu başlarında əzbərləyir.

Buna bənzər tədqiqat 2015-ci ildə London Universitet Kollecinin alimləri tərəfindən aparılıb. Siçovullara labirintdə yemək tapmağı öyrədirdirlər. Bir müddət yatdıqdan sonra gəmiricilər yenidən labirintə qaytarılırdı və onlar orada gizlədilmiş yeməyi artıq asanlıqla tapırdırlar. Beyin fəaliyyətini qeydə alan sensorlar oxşar sxemi göstərib. Eksperiment nəticəsində məlum oldu ki, siçovullar labirintdə qət etdikləri yolu yuxuda dəqiq təkrar edirlər.

Belə yaddaş təlimi yeganə hal deyil. Zebra amadin quşları yuxuda nəğmə oxumalarına görə 20 ildən çoxdur ki, alimlərin tədqiqat obyektidir. Quşlar bir-birinin nəğmələrini əzbərləyir və yatarkən təkrarlayırlar. Aktivlik yalnız beyində deyil, səs əzələlərində də özünü göstərir. Lakin hava çatışmazlığı eşidilən səslərin çıxmasının qarşısını alır.

Səkkizayaqlılar yuxuda özlərini olduqca qeyri-adi aparırlar. Çox qısa keçən tez yuxu mərhələsi zamanı səkkizayaqlının dəri rəngi və teksturası kəskin dəyişir, bədən və əmici orqanları kiçilir, gözləri hərəkət edir. Heyvanın yuxuda olmasına şüphə yoxdur, lakin alimlər yuxu üçün xarakteristik olan hər hansı bir şəklin beyində yaranması barədə təsdiq gətirə bilmirlər. Digər onurğasızlarla müqayisədə səkkizayaqlı ilbizin parlaq zəkayə məxsus olması elmə güman etməyə əsas verir ki, bu heyvanın beyin qabiliyyətlərinin yaxşılaşmasında yuxu əsas rol oynayır.

Ev heyvanlarımız bizi yuxuda görür?

Ola bilsin ki, bu sualı hər bir ev heyvanı sahibi verir. Bir çoxları itlərinin və ya pişiklərinin yuxu gördüyünə belə şübhə etmirlər. Necə yəni? Axı onlar yerində tərpənir, sanki nəyisə görürlər, ayılandan sonra tamamilə çaşqınlıq içində olur, hətta bəzən kabuslar da görürlər. 

"İtlər yuxu görür?" (Do dogs dream?) kitabının müəllifi, doktor Stenli Koren yuxarıdakıları təsdiq edir. Professorun sözlərinə görə, itlər yuxuda "itlərə aid işlər" görürlər: gəzintilər, oyunlar, yemək. Sahibi də burada mütləq yer tutacaq. İnsan yuxusuna necə də bənzərdi!

Heyvan davranışları haqqında tədqiqat aparan doktor Nikolas Dobman buna təəccüb etmir, çünki insan və itlərin genetik və fizioloji səviyyədə bir çox oxşarlıqları var.

Pişik yuxusuna dair tədqiqatı 1959-cu ildə neyrobioloq Mişel Juve apararıb. Bildiyiniz kimi, tez yuxu mərhələsi zamanı adətən böyük əzələlərin iflici (atoniya) baş verir. Tədqiqat məqsədi ilə Juve pişiklərdə bu mexanizmi dayandırdı. Nəticədə REM mərhələsinə keçən zaman heyvanlar hədəf görürmüş kimi başlarını qaldırırdı, biz-biz dururdu və hətta döyüşürdürlər. Bu, beyində görünən şəkillərə qarşı fiziki reaksiya idi və yuxugörmənin mövcudluğundan danışa bilər.  

Bizdən fərqli

Yekunlaşdıraraq bu yaxınlarda nəşr edilmiş "Heyvanlar yuxu görəndə" (When animals dream) kitabının müəllifi doktor Devid Penya-Quzmanın sözlərinə istinad etmək istərdik. Kiçik dostlarımızın beyinləri bizimkindən fərqlidir. Bəlkə də heyvanların xəyalları heç də vizual təsəvvür olunmur, əksinə, onların ətraf mühiti dərk etmələri ilə xarakterizə olunur. Məsələn, yuxuda quşlarda eşitmə orqanları, itlərdə isə iybilmə orqanları iştirak edə bilər.

 

Heyvanlarda yuxugörmə müxtəlif elm sahələrinin marağını cəlb edir. Bu günə qədər yuxuya getmiş heyvanın zehnində obrazların yaranmasının xeyrinə danışan bir çox hipotezlər irəli sürülür. Lakin heyvanların özləri bu barədə bizə danışmayınca yuxu gördüklərini dəqiqliklə deyə bilmərik.